Dərc edilib: 11:00, 29 Aprel, 2017 | 27 dəfə baxılıb

“Almaniyadakı gənclərimiz Qarabağ mövzusunda araşdırmalar aparırlar”

Asif Məsimov: “Qarabağ məsələsini dinləyiciyə aydınlaşdırmaq üçün hərdən misal və paralellərin aparılması kifayət edər”

Bu gün xaricdəki gənclərimiz artıq diaspor olaraq gücə çevriliblər. Onların Qarabağ həqiqətlərini təbliğ etməsi erməni yalanlarını ifşa etmək üzrədir. Bu baxımdan Almaniyadakı gənclərimiz də aktiv fəaliyyət göstərirlər. Diaspora.az palitranews.az-a istinadən xəbər verir ki,Almaniyanın Humboldt Universitetinin doktorantı Asif Məsimov müsahibəsində bu istiqamətdə görüləcək işlərlə bağlı maraqlı təkliflər irəli sürüb. Qeyd edək ki, A.Məsimov 1987-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olub. Orta təhsilini elə İvanovka kənd orta məktəbində alıb. Respublika Fənn Olimpiadalarında iştirak edib və həmin olimpiadalarda Azərbaycan tarixi üzrə 2-ci və 4-cü yerləri tutub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə qəbul olub, 2008-ci ildə DAAD-ın bir aylıq təqaüd proqramını əldə edib. 2009-cu ildə əsgərliyə çağırılıb. 2011-2014-cü illərdə Almaniyanın Georq-Avqust Universitetində magistratura pilləsində siyasi elmləri oxuyub. 2014-cü ilin mart-iyul aylarında İPS (Beynəlxalq Parlament Təqaüdü) proqramı çərçivəsində Almaniya Bundestaqının deputatı Katrin Kunert (Die Line – Sol Partiyası) bürosunda iş təcrübəsi keçib. 2015-2016-cı illərdə Azərbaycan Tələbə Şəbəkəsinin Almaniya üzrə nümayəndəsi (ofisin rəhbəri) olub. Bir neçə beynəlxalq konfransda iştirak edib. Elmi məqalələri Almaniya Bundestaqının kitabxanasında və bir neçə rus jurnalında işıq üzü görüb.
-Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərin nə kimi rolu var?
-Xaricdə yaşayan gənclərimiz öncə ölkəmizin səfirləridirlər və onların xarici dil biliklərini nərəzə alsaq, onda bu qrup insanların Qarabağ həqiqətlərini tanıtmaqda böyük rolunu qeyd etmək olar. Təbii ki, gərək hər gənc həqiqətləri diplomatik və ağıllı çatdırsın ki, ona inansınlar. Biz hamımız bilirik ki, həqiqət bizim tərəfimizdədir, lakin o həqiqəti emosional, hirsli və güc formasında çatdırmaq istəsək, onda bu bizim xeyrimizə işləməyəcək. Bir də öz vətənpərvərliyini nümayiş etdirmək üçün həmişə nəsə etməkdə lazım deyil, kifayət edər ki, bir azərbaycanlı öz sahəsində uğur və hörmət qazansın. Belə olan halda, əcnəbi şəxs azərbaycanlı dost-tanışı ilə assosiasiya olunacaq, Qarabağ məsələsində bizim tərəfimizdə olacaq.
Bundan başqa, hər ölkənin xüsusi siyasi və ictimai diskursun formalaşmasını nəzərə alsaq, Qarabağ problemini bizə Azərbaycanda öyrədilən dərsliklərdəki kimi çatdırmaq lazım deyil. Qarabağ məsələsini dinləyiciyə aydınlaşdırmaq üçün hərdən misal və paralellərin aparılması kifayət edər.
Suala gəldikdə xaricdə yaşayan gənclərimiz Qarabağ məsələsində çoxlu işlər görürlər: elmi sahədə araşdırma aparırlar, ictimai sahədə universitet və alman təşkilatları ilə birlikdə elmi-siyasi tədbirlər təşkil edirlər, Qarabağ həqiqətləri, eləcə də Xocalı soyqırımı ilə bağlı aksiyalar keçirirlər, alman siyasətçi və jurnalistlərinə fərdi şəkildə məktublar yazırlar, ictimai şəxslərlə əlaqə saxlayırlar və s.
-Gənclər daha hansı işlər görə bilərlər?
-Mən bu suala cavab verməmişdən əvvəl Qarabağ problemini, yaşadığımız ölkədə düzgün çatdırmaq üçün prioritet fəaliyyət istiqamətlərinin müəyyən olunmasını təklif edərdim. Müəyyən olunacaq istiqamətlərə əsasən xaricdə yaşayan gənc öz yerini tapmalı və Qarabağla bağlı görülən işlərdə töhfəsini verməlidir. İlkin olaraq Azərbaycan diaspor təşkilatları və rəsmi nümayəndəliklər Qarabağ məsələsi, eyni zamanda Xocalı soyqırımının təbliği ilə bağlı uğur qazanmaq üçün mənim fikrimcə, üç istiqamət seçməlidir: 1. Məsələyə yaşadığımız ölkədə siyasi və hüquqi qiymətin verilməsi. 2. Məsələ ilə bağlı elmi araşdırmaların aparılması. 3. Yaşadığımız ölkədə məsələ ilə bağlı ictimai fikrin formalaşması.
Yuxarıda qeyd olunan struktur düzgün koordinasiya olunduğu halda, xaricdə yaşayan gənclərimiz artıq özlərinin harda faydalı olduqlarını asanlıqla tapacaqlar. Birinci istiqaməti seçən gənc artıq indidən dili mükəmməl öyrənməli, yaşadığı ölkənin siyasi həyatında fəal və partiyalara üzv olmalıdır. Tez-tez ictimai-siyasi tədbirlərdə iştirak etməli, şəbəkələşməli və özü də ara-sıra tədbirlər keçirməlidir. Bu gənclərin qarşısında duran başlıca vəzifə yerli idarə qurumlarında bir mövqe tutması olmalıdır. Məqsədlərinə çatdıqdan sonra Azərbaycanın da maraqlarına dolayısıyla siyasi səviyyədə xidmət edə bilərlər.
İkinci istiqamətdə görülən işlərə gəldikə, çox sevindirici haldır ki, Almaniyada kifayət qədər gənclərimiz Qarabağ və ona yaxın mövzularda araşdırma aparırlar. Bu insanlar artıq özləri öz işlərini yaxşı bilir və bu işə peşəkar yanaşırlar.
Üçüncü istiqamətdə istənilən gəncimiz fəal və faydalı ola bilər. Bu istiqamətdə yaşadıqları ölkəyə uyğun tədbirlər təşkil olunmalı və bizim gənclərimiz onun təşkilində fəal iştirak etməlidirlər.
-Gənclər öz potensiallarından tam istifadə edirlərmi?
-Mən deyərdim ki, bizim gənclərimiz öz potensiallarından maksimal dərəcədə istifadə edirlər. Lakin bir məsələni qeyd etmək istərdim ki, gənclərin potensialını düzgün istiqamətləndirmək üçün onlarla tez-tez görüşlər keçirilməli, fikir mübadiləsi aparılmalı və beləliklə, gənclərin bir-biri ilə şəbəkələşməsinə şərait yaradılmalıdır. Bu görüşlər istər diaspor təşkilatları, istərsə də gənclərin öz təşəbbüsü ilə təşkil olunmalıdır.
Belə görüşlər zamanı kimin hansı sahədə təcrübəli olması üzə çıxır, yeni ideya və təkliflər irəli sürülür. Mən deyərdim ki, bir çoxlarının potensialının üzə çıxmamasının başlıca səbəbi həmin şəxslərin özlərinin necə faydalı ola biləcəkləri haqqında məlumatlarının olmaması ilə bağlıdır.
-İnformasiya müharibəsində hansı metodlardan istifadə etmək olar?
-21-ci əsrdə elektron məlumatlar daha çox oxunur və baxılır. Bunu nəzərə alaraq onlayn səviyyədə bizim gənclər şəbəkələşməli və peşəkar işlər görməlidirlər. İnternet bizə qeyri-məhdud şərait yaradır. İlkin olaraq fərqli istiqamətdə şəbəkələr yaradılmalıdır. Yaradılan şəbəkələr qarşılarına məqsədlər qoymalıdır. Məsələn, mən şəbəkələri ölkə, bölgə, dil bilikləri və daha sonra mövzulara görə bölərdim. Mənim fikrimcə, bu məsələyə çox qlobal yanaşmaq lazım deyil. Biz Qarabağ mövzusunu onlayn səviyyədə götürürüksə, bu problemi qabarıq şəkildə yaşadığımız ölkənin ictimaiyyətinə çatdırmalı deyilik, yaxşı olardı ki, bu məsələni biz dolayısı ilə gündəmə gətirək.
İnformasiya müharibəsini nəzərə alsaq, bu istiqamətdə istər dövlət, istərsə də qeyri-rəsmi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Vikipediyada məqalələrin necə yazılması, bloq və vloqda uğurun qazanılması üçün hansı addımların atılması, vebinar və internet üzərindən konfransların peşəkar keçirilməsi ilə bağlı yaşadığımız ölkədə seminarlar keçirilməlidir.
Vikipediyanın bu gün internetdə ilk ələ keçən mənbə olmasını nəzərə alsaq, yaxşı olardı ki, bizim gənclər təhsil aldıqları sahələr üzrə vikipediya şəbəkə qrupları yaratsınlar və öz sahələri üzrə ana və xarici dillərdə olan boşluqları doldursunlar.
“Youtube”un axtarış sistemi olmasa da, amma “Google”dan sonra məhz orda çoxlu axtarış sorğuların olmasını nəzərə alsaq, onda bloqların olması və “Youtube” üzərindən tanınmış ekspertlərlə müsahibələrin aparılmasının önəmli olduğunu söyləmək olar.
-Xaricdə yetişən nəsil Qarabağ mövzusunda kifayət qədər məlumatlıdırmı?
-Xaricdə yetişən gənclərimiz Qarabağ problemimizin olması və bizim haqlı olduğumuzdan kifayət qədər məlumatlıdırlar. Lakin, təəssüflər olsun ki, müəyyən debat və tədbirlərdə onlar problemi yerli insalara düzgün çatdıra bilmirlər. Səbəbi mən bizim diaspor təşkilatlarının onlarla işləmədiyində görürəm. Biz həmişə fikirləşmişik ki, bizim ən başlıca vəzifəmiz dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmaqdır. Bəli, mən tam razıyam ki, bu bizim əsas vəzifələrimizdən biridir. Lakin biz, eyni zamanda yaddan çıxarmamalıyıq ki, xaricdə böyüyən soydaşlarımız da bu mövzuda düzgün maariflənməli və təlimatlanmalıdırlar. Bunun üçün sırf azərbaycanlılar üçün maarifləndirici qeyri-rəsmi tədbirlər təşkil olunmalıdır. Misal üçün, Qarabağ kimi məsələlər sual-cavab şəklində müzakirə olunmalıdır. Mən deyərdim ki, biz, xaricdə böyüyən gənclərin potensialından tam yararlana bilmirik. Bunun, yuxarıda qeyd etdiyim kimi, başlıca səbəbi özümüzük.

Diaspora.az