Dərc edilib: 13:04, 30 İyul, 2017 | 76 dəfə baxılıb

Alman siyasətçilərinin diqqətində olan azərbaycanlı xanım kimdir?

Azərbaycan lobbiçilik təbliğatında azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət düşür. Diaspor fəaliyyətində gənclərsiz hansısa layihəni uğurla həyata keçirmək mümkün deyil. İnkişaf edən cəmiyyətlərdə gənclər hansısa layihənin gerçəkləşməsində katalizator funksiyasını daşıyır. Eynilə bu gün Avropada azərbaycanlı gənclərin aktivliyini müşahidə edirik. Biz bunu sosial şəbəkələrdə izləyirik. Artıq onlar icmalaşıblar. Bu gün dövlətlər arasında olan əlaqələrin inkişafında icmaların rolu mühum əhəmiyyət kəsb edir. Onlar birləşdirici və əlaqəndirici körpü rolunu oynayırlar.

Belə gənclərdən biri də Alman-Azərbaycan Gənclər Assosiasiyasının sədri Rəqsanə Civişovadır. Rəqsanə Civişova Almaniyanın nüfuzlu siyasi dairələri ilə sıx əlaqələrə malikdir. Gənc yaşlarından böyük uğurlara imza atmış və Almaniyanın siyasi dairələrində hörmətlə qarşılanan fəallarımızdandır. Dəfələrlə alman rəsmilərinin onun haqqında xoş ifadələr işlətdiyinin şahidi olmuşam. Bir neçə dəfə Almaniyanın keçmiş prezidenti Joachim Qauck onu rəsmi otağında qəbul edib. Prezident ölkəmizlə və onun fəaliyyəti, işləri ilə maraqlanaraq uğurlar arzulayıb. Qeyd edim ki, assosiasiya sədrinin əlaqələri prezident administrasiyası ilə məhdudlaşmır. Onun Bundestaqın deputatları ilə də sıx əlaqəsi var.

Bir neçə il bundan öncə gənclərlə birgə Kansler Angela Merkellə görüşdə iştirak etməsi ona olan diqqətin göstəricisi idi.

2014-cü ildə Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Claudio Lemmenin Azərbaycana səfərini təşkil etmiş, deputata ölkəmizin mədəniyyəti və tarixi haqqında geniş məlumat vermişdir. Rəqsanə xanımın onlarla bu cür fəaliyyətini qeyd etmək olar.
Həmçinin Almaniya Jurnalistlər İttifaqının rəhbərliyi ilə görüşü xüsusi qeyd edilməlidir. Bununla jurnalistlərin diqqətini ölkəmizə yönəltməyə bacarmışdır. Hazırda onun alman iş adamları ilə sıx ünsiyyəti var. Bu isə indiki vaxtda iş adamlarının Azərbaycana olan marağının artmasına səbəb ola bilər.

Əsas odur ki, bu cür əlaqələrə malik insanlarımızın potensialından yararlanmaq və düzgün istiqamətə yönəltmək lazımdır. Bundan yalnız qazanan milli maraqlarımız olar.

Elnur Eltürk

Diaspora.az