Dərc edilib: 14:24, 23 Aprel, 2017 | 32 dəfə baxılıb

Alman məktəblilərinə dərs keçən azərbaycanlı

Diaspora.az palitranews.az qəzetinə istinadən Almaniyada təhsil sahəsində uğur qazanan həmyerlimizin müsahibəsini təqdim edir.

Şəfəq Azər: “Almaniyada oxuyan və təhsil alan gənclərimiz qısa zaman ərzində öz sözlərini deyə biliblər”
Adətən gənclərimiz bir çox ölkələr kimi Almaniyaya da təhsil almağa üz tuturlar. Amma məlumunuz olsun ki, Almaniyada təhsil sahəsində çalışan soydaşlarımızın da sayı az deyil. Almaniyada yaşayan elə azərbaycanlı alimlər var ki, onların elmi ixtiraları nəticəsində yeni-yeni zavod və müəssisələr açılıb. Hətta bu gün alman uşaqlarına yazıb-oxumağı öyrədənlər arasında azərbaycanlılar da var. Hər halda alman cəmiyyəti bilməlidir ki, bu ölkədə elmin, texnikanın, təhsilin və s. inkişafında azərbaycanlılar da öz töhfəsini verirlər. Müsahibimiz Şəfəq Azər də belələrindəndir. O, hazırda Almaniyada Wolfenbüttel şəhərində ibtidai məktəbdə pedaqoq-müəllimə olaraq çalışır. Eyni zamanda ictimai-sosial fəaliyyətlə də məşğul olur. Qeyd edək ki, Şəfəq xanım aktiv olaraq Hötzum Alman Mədəniyyət Mərkəzinin və eləcə də ailəlikcə idman cəmiyyətinin aktiv üzvüdür. Həmçinin Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türkiyədə çap olunan “Töre” dərgisinin Almaniya təmsilçisidir.
-Nə vaxtdan Almaniyada yaşayırsız?
-Öncə sizə bu müsahibəyə görə təşəkkür edirəm. Biz Almaniyaya həyat yoldaşımın işi ilə əlaqədar 15 il əvvəl gəlmişik. O, Braunşvaiq Texniki Universitetində işləməyə gələndə biz 9 ay idi ki, evlənmişdik. Mən də zamanla Almaniyaya assimilyasiya olmamaq şərti ilə dilimizi, dinimizi, adət- ənənələrimizi qoruyub saxlayaraq, Almaniya dövlətinə inteqrasiya olundum.
Azərbaycan diasporunun Avropada və dünyada tanınmasını mən də bir vətəndaş olaraq özümə borc bilirəm və bu yolda əlimdən gələni edirəm. İctimai fəaliyyətim hər bir anda ölkəmi tanıtmaqla, təmsil etməklə yanaşı, təmsilçisi olduğum jurnal və birliyin Almaniyada, eyni zamanda Avropada layiqli yerə gəlməyinə çalışmaqdır.
-Siz hazırda Almaniyada hansısa elmi araşdırmalar aparırsızmı?
-Mən Almaniyanın Aşağı Saksoniya əyalətinə bağlı Braunschweig şəhərində yaşayaraq, orada Bebelhof ibtidai məktəbində müəllim-pedaqoq olaraq bir müddət işlədim. Hal-hazırda isə həmin şəhərə yaxın Wolfenbüttel şəhərində digər bir ibtidai məktəbdə müəllimə və məktəbin pedaqoqlarından biri olaraq işləyirəm. Pedaqoji sahədə, tədrisdə yeni metodlardan istifadə ilə bağlı araşdırmalarla məşğul oluram. Tədrisin müxtəlif yollarla şagirdlərə daha asan və qısamüddətli öyrədilməsi sahəsində geniş araşdırmalarla məşğul oluram. Məktəbimizin qabacıl məktəb olmasında mənim də payımın olduğunu Şəhər Müəllimlər Şurasının rəhbəri tərəfindən duymaq qədər sevincli nə ola bilər? Bunlar mənə stimul verir və hər gün işə getdiyim zaman yeni nə edəcəyimi düşünmədən, hazırlaşmadan getmirəm! Yaradıcı müəllim dünyanın hər yerində bacarığı ilə gec də olsa, üzə çıxır.
-Almaniya təhsilin inkişafına görə öndə gedən ölkələrdən sayılır. Bir azərbaycanlı olaraq bu ölkədə pedaqoji fəaliyyət göstərmək sizin üçün çətin deyilmi?
-Almaniyanın təhsil sistemi dünyada öz dəst-xətti ilə tanınmasına baxmayaraq, hər an yeni ideyalar axtarışındadır. Almaniya təhsilin inkişafı uğrunda, insanların maariflənməsi yolunda doğrudan da təqdirəlayiq işlər görür. Onlar mənim ibtidai sinif müəllimi olduğumu eşitdikdə onlarla çalışmağımı xahiş etdilər. Əlbəttə, mən öncə tərəddüd etdim, “Düşünüb, sizə cavab verərəm” dedim. Doğrusunu deyim, bir ay ətraflı düşündükdən sonra qərar verdim. Bu məktəb mənim uşaqlarımın oxuduğu ibtidai məktəb idi. “Azərbaycan Müəllimi” qəzetinin 8 Noyabr 2013 – №43 tarixli buraxılışında yazım gedib. Orada qısa da olsa bu barədə oxucular üçün bildirmişəm. Direktorumuz həmçinin oğlumun sinif rəhbəri, riyaziyyat müəllimi, qızımın isə alman dili müəlliməsi idi. Onlarla çiyin-çiyinə işləmək bir valideyn kimi mənim üzərimə böyük məsuliyyət qoyurdu. Çətinliklərim çox oldu, həm dil baxımından, həm də Almaniyda ilk iş ilim olduğu üçün. Amma yavaş -yavaş bütün çətinliklərin öhdəsindən gəlməyə başladım. Avropa ölkələrinin əksəriyyətində uşaqlar demokratik fikirli olduqları üçün, mən də azad düşüncəli birisi kimi onlarla işləməkdən zövq alıram. Biz tək almanlarla deyil, əcnəbi uşaqları ilə də işləyirik. Hazırda işlədiyim məktəbdə 18 xarici ölkədən uşaqlara dərs keçirik. Siz düşünün ki, bizim üzərimizə nə qədər böyük məsuliyyət düşür. Biz müəllimlər üçün irq, millət bölgüsü yoxdur, biz yalnız işlərimizi layiqincə yerinə yetirmək üçün çalışırıq. Çünki uşaqlar bizim gələcəyimizdirlər. Onları nə qədər təmiz düşüncələrlə tərbiyə edəriksə, bir o qədər alman xalqının tolerantlığına yardım etmiş olarıq. Mən başqa müəllimlərdən fərqli olaraq şagirdlərə qarşı bir xarici kimi yalnız humanist düşüncələri aşılayıram ki, kimsə məndən narazı olmasın. Axı mən azərbaycanlıyam və bunu uşaqlara müəllim heyətinə nümunəvi şəkildə çatdırmalıyam. Bunun üçün başım çox bəlalar çəkir, amma mən tərəzinin gözünü taraz saxlamağa, səbirli olmağa çalışıram.
Konkret olaraq bir azərbaycanlı kimi pedaqoji fəaliyyət əsasən məktəblərdə çox ağırdır. Digər sahələrdə, məsələn, texniki sahələrdə, universitetlərdə, səhiyyə sahəsində, zavodlarda, fabriklərdə və s. yüzlərlə tanınmış alim və mütəxəssislərimiz rəhbər vəzifələrində belə, çalışırlar. Bunun üçün sevinməyə dəyər və bununla biz ancaq fəxr etməliyik. Amma ümumtəhsil məktəblərində isə bu məsələ tam başqadır. Əsas iş birinci dil bilgisi, daha sonra bacarıq, azad düşüncə, kimdənsə asılı vəziyyət deyil, məhz öz bacarığın – ideyan üzərində qurulan işdir. Mənim bildiyimə görə, hələlik Almaniyada orta məktəblərdə (buraya ibtidai məktəbdən tutmuş, gimnaziya da daxil olmaqla) çox az azərbaycanlı çalışır. Bu say bildiyimə görə, Almaniya çapında 2 nəfərdir. Pedaqoq olaraq əsasən ibtidai məktəbdə xarici vətəndaşın çalışması isə çox ağırdır. Buraya alman mentaliteti, milli şüur və s. daxildir. Bu xüsusiyyətləri nəzərə alaraq Almaniyada ibtidai məktəblərdə müəllim-pedaqoq işləmək üçün Almaniyada Əyalət Təhsil Şöbəsinin qərarı olmalıdır. Yuxarı siniflərdə riyaziyyat, fizika və s. kimi fənləri hər hansı xarici vətəndaşın aparması mümkündür və ibtidai siniflər qədər ağır deyil. Çünki ibtidai məktəblər üçün ancaq dil və ya bacarıq deyil, alman tarixini, alman mentalitetini bilmək, alman toplumuna inteqrasiya olmaq kimi ünsürlər daxildir. Bu xüsusiyyətlər isə asanlıqla qazanılmır.
-Azərbaycanla müqayisədə alman gənclərinin elm və təhsilini artırması üçün marağı necədir?
-Alman gənclərinin maraqları çoxşaxəlidir. Onlarda Azərbaycan gənclərindən fərqli olaraq maraq dairəsini artırmaq üçün o qədər imkanlar var ki, sadalamaqla bitməz. Hələ orta məktəblərdə oxuyarkən uşaqlar Təhsil Nazirliyinin dəstəyi və şirkətlərin köməyi ilə bir çox sahələrlə tanış olurlar. Bunlar təkcə olimpiada yarışmaları deyil, bir çox elmi araşdırmalar, iqtisadi inkişaf proqramlarıdır ki, hələ orta məktəblilərdən şagirdlərə təklif edirlər. Kim hansı sahəni istəyirsə, o sahəni sərbəst şəkildə seçir və biliklərini o istiqamətdə gücləndirirlər. İldə bir dəfə şagirdlərin haqqıdır ki, maraqlandıqları sahədə təcrübə keçsinlər və həmin sahə üzrə məlumatlansınlar. Gənclərdə əsas maraq isə ideyalarını həyata keçirərək qazanacağı maddi gəlirdir. Yəni Almaniyada demək olar ki, bütün mütəxəssislər (Ali təhsil almış mütəxəssislər – red.) çox yüksək şəraitdə yaşayırlar. Ona görə də təhsil almaq üçün bütün əzab-əziyyətlərə dözürlər və həqiqi elmi biliyə sahib olurlar. Bütün sahələrdə nəzəri biliyin təcrübəyə inteqrasiyası mütləqdir. Əks halda yarımçıqlıq olur və bir mütəxəssis kimi yetişmək çətinlik törədir.
-Alman təhsilinin hansı cəhətlərini Azərbaycanda tətbiq etmək olar?
-Alman təhsil sisteminin bir çox cəhətlərini Azərbaycanda tətbiq etmək olar. Amma mən Azərbaycan təhsil sistemində çoxşaxəli ingilis, amerikan, rus və keçmiş sovet təhsil sistemlərinin tətbiqinin şahidiyəm. Almaniyada da çoxşaxəlilik var. Amma, konkret şəkildə deyə bilmərik ki, tək bir istiqamətdə inkişaf etmək olar. Biz bütünlükdə sovet təhsilini sıradan çıxara bilmərik. Onun da yaxşı cəhətlərini saxlamalı, amma yeni kurikulumları da tətbiq etməliyik. Bu sahədə ölkəmizdə kifayət qədər iş görülüb. Buna misal olaraq Azərbaycan Təhsil Problemləri İnstitutunun direktor müavini dosent Ənvər Abbasovun rəhbərliyi ilə Kurikulum Mərkəzinin fəaliyyəti, Əməkdar müəllim Almaz Həsrətin və adlarını çəkmədiyim bir çox yaradıcı müəllimlərimizin böyük əməyi var. İnanıram və ümidlə nəzərinizə çatdırıram ki, hazırkı kurikumların (əlbəttə, bəzi xırda əlavələr etməklə və gərəkdirsə, daha da asan formatda hazırlamaqla) tətbiqi çox faydalı olacaq. Həmin kurikumlarda elə bir çox alman təhsil sistemindən məqamlar var. Bu yolda Azərbaycanda bütün təhsil işçilərimizə uğurlar arzulayıram.
-Perspektivdə bu istiqamətdə hər hansı işləri etməyi düşünürsüz?
-Mənim Almaniyada çalışmaqda birinci məqsədim öz ölkəmizə nə isə faydalı bir töhfə verməkdir. İnşallah, Allahımın izni ilə bu istiqamətdə işlər görməyi düşünürəm. Hazırda isə nazirliyin dəstəyi və mənim şəxsi ideyamla bir layihə həyata keçirəcəyik. Təhsil Nazirliyi bu layihəyə rəhbərliyi də elə mənə tapşırıb. Ümidvaram ki, öhdəsindən gələcəyəm və Azərbaycana da yararlı olacağına inanıram.
-Kənardan Azərbaycan təhsilinin inkişafı necə görünür?
– Azərbaycan bu yolda böyük işlər görür və bu işdə irəliləyir. Amma bu, o demək deyil ki, biz çox işlər görmüşük. Əksinə, daha çox işlər görməliyik. Biz yeni ideyalarla çıxış edən gənclərə, müəllimlərə imkan yaratmalı, hər yeni fikrə qiymət verməliyik. Almaniya yeni fikirlərə dəstək verib inkişaf etdiyi kimi, bizlər də yenidüşüncəlilərlə işləməliyik! Azərbaycan təhsilinin inkişafını yaxşı görmək üçün ancaq əməli işlər bacarmalıyıq. Əlbəttə, təhsilin inkişafı ölkə haqqında təsəvvür yaradır. Almaniyada yaşadığım üçün deyə bilərəm ki, burada oxuyan və təhsil alan gənclərimiz qısa zaman ərzində öz sözlərini deyə biliblər. Ad çəkməyə heç lüzum görmürəm. Getdikcə belə gənclərimizin sayı artır və Azərbaycan üçün bu, inkişaf deməkdir. Hesab edirəm ki, yaxın zamanlarda məhz Azərbaycanımızın özündə də dünyada tanınacaq dərəcədə mütəxəssislər yetişəcək. Bunun üçün isə çox iş görülməli və təhsilin inkişafına kifayət qədər investisiya qoyulmalıdır. Sadəcə, investisiya deyil və inkişaf üçün Azərbaycan hüdudlarından kənarda yaşayan mütəxəssislər təcrübəli təhsil işçiləri ilə birlikdə işlər görməli, diskussiyalar, telegörüşlər təşkil etməli və təcrübədən geniş istifadə edilməlidir.

Diaspora.az

Emil Əliyev