Dərc edilib: 02:44, 2 İyul, 2017 | 14 dəfə baxılıb

Akko şəhərinin meri: “Mən Azərbaycan xalqını dəstəkləyirəm”

Dəfələrlə demişəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində mən Azərbaycan xalqının tərəfindəyəm. 2016-cı ilin aprel hadisələri bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvonu qəbul etməyəcək və buna görə hesab edirəm ki, Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquq normalarına uyğundur.

Diaspora.az ölkə.az-a istinadən xəbər verir ki, İsrailin Akko şəhərinin meri Şimon Lankri bu sözləri məşhur Azərbaycan jurnalisti, “Asan radio”nun direktoru Emin Musəvi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut və Azərbaycanın Dağ Yəhudiləri İcmasının başçısı Nexemiya Şirin Mixaeli ilə görüşdə söyləyib. Qeyd etmək lazımdır ki, Emin Musəvi Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycan cəmiyyətində tolerantlıq və multikulturalizm mövzusunda reportajlar hazırlayır.
Şimon Lankri deyib: “Biz, israillilər müharibənin və terrorun nə demək olduğunu sözdə deyil, əməli şəkildə çox yaxşı bilirik. Mənim rəhbərlik etdiyim şəhərdə bir neçə il bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq “Xocalıya dəstək!” kampaniyası çərçivəsində Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktına həsr edilmiş səyyar sənədli fotosərgi çox yüksək səviyyədə keçirildi. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən və vandalizmdən bəhs edən bu fotosərgi şəxsən məni sarsıtdı. Çox ümid edirəm və inanıram ki, Azərbaycanın işğal olunmuş əraziləri tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıda biləcəklər. Erməni diasporu Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərlə əlaqədar dəfələrlə mənə müraciət edib, lakin mənim cavabım bir olub – mən Azərbaycan xalqını dəstəkləyirəm. Ermənilərin təhdid dolu hər hansı məktubları mənim Azərbaycana münasibətdə mövqeyimə təsir göstərə bilməz”.

Akko meri vurğulayıb ki, iki il bundan əvvəl Azərbaycanda olarkən bu xalqın səmimiyyətini və qonaqpərvərliyini, Azərbaycana xas olan tolerantlığı və multikulturalizmi şəxsən hiss edib. Şimon Lankri deyib: “Mənim üçün Azərbaycan adlı ölkəni məhz əslən Azərbaycandan olan yaxın dostlarım Nexemiya Şirin Mixaeli və Arye Qut “kəşf ediblər”. Onlar İsraildə həmişə qürurla deyirlər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər orada özlərini heç vaxt əcnəbilər kimi hiss etməyiblər. Mən Azərbaycana gedəndən, orada yəhudilərə bu cür səmimi münasibəti öz gözlərimlə görəndən sonra fəxr edirəm ki, Azərbaycanın dostuyam. Bu gün mənim şəhərimdə Heydər Əliyev adına Azərbaycan Evi var. Bu ev İsraildə “Odlar Yurdu”nun qəlbinin bir hissəsi, onun bir adacığıdır”.

Akko şəhərinin meri Şimon Lankri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənəcəyinə ümid etdiyini bildirib. Akko meri sonda deyib: “İsrail dövləti dəfələrlə bəyan edib ki, o, Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, mən də bu nöqteyi-nəzərin tərəfdarıyam. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycanın və Azərbaycan xalqının yanındadır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüz siyasətinə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə və bir milyon sakinin qaçqın vəziyyətində olmasına baxmayaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl parlaq nümunəsi olaraq qalır”.