Dərc edilib: 03:31, 2 Mart, 2017 | 9 dəfə baxılıb

Adanada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib

Türkiyənin Adana şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib, Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə görüşüb.

Adana Böyükşəhər Bələdiyyəsi, Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyi, Adana Qardaş Kültür Dərnəkləri Topluluğunun və Adana Kent Konseyinin birgə təşkilatçılığı Xocalı soyqırımına həsr olunmuş konfransdan əvvəl iştirakçılar Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar. İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Xocalıda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Adana Azərbaycan Mədəniyyət Təşkilatının sədri Yaqub Bulut 25 il əvvəl Xocalıda baş verənlər barədə konfrans iştirakçılarına geniş məlumat verib. Y.Bulut Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlüyə konfransın təşkilində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Sonra Xocalı soyqırımdan bəhs edən film nümayiş etdiriib, simfonik kvartetin ifasinda dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Konfransda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlü, Azərbaycan Türk Qadinlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, yazıçı Sabir Rüstəmxanlı çıxış edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması məqsədilə hər il dünyanın müxtəlif ölkələrində olduğu kimi, Türkiyədə də bir sıra tədbirlərin keçirilir və faciənin soyqırımı kimi tanıdılmasında belə tədbirlər böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlanılmasına, Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qalmasına dünya ictimaiyyətinin biganə münasibətinin təəssüf doğurur. Əsl soyqırıma türklərin, azərbaycanlıların məruz qaldığını qeyd edən çıxışçılar dünya dövlətlərini ikili standartlardan çəkinməyə və Xocalıda baş verənlərə laqeyd münasibət göstərməməyə, faciəyə ədalətli siyasi və hüquqi qiymət verməyə çağırıblar.

Konfransda Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlüyə Azərbaycanın dərdinə şərik olaraq, Xocalı həqiqətlərinin təbliği ilə bağlı keçirilən tədbirlərə göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.

Tədbirdə Adana Çukurova Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavini Cahangir Novruzov, Türkiyədə fəaliyyət göstərən digər azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyə KİV-lərinin, yerli ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak edib. Sonda şəhər bələdiyyəsi tərəfindən qonaqlara plaket təqdim edilib.

Səfər çərçivəsində Böyükşəhər Bələdiyyəsində keçirilmiş görüşdə isə Adana bələdiyyəsi ilə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri və onun perspektivləri müzakirə edilib. Qeyd olunub ki, əlaqələr bundan sonra da davam etdiriləcək.

Diaspora.az