Dərc edilib: 02:06, 22 İyun, 2017 | 16 dəfə baxılıb

ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə almışdır. Müsahibədən əvvəl aparıcı bu yaxınlarda ölkəmizdə səfərdə olduğunu xatırladaraq, səfər barədə xoş təəssuratlarını bölüşmüş və şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinə çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu diqqətə çatdırmışdır. Bununla yanaşı, aparıcı ölkənin inkişaf və uğurlarında qadınlarının rolunun göstərici kimi Azərbaycanın Avrasiya ölkələri sırasında liderliyinin şahidi olduğunu və Amerika cəmiyyətinin belə məlumatları eşitmək istəyində olduğunu vurğulamışdır. Müsahibə zamanı səfir Süleymanov ABŞ Konqresinin üzvü Stiv Skaliz və digər işçilərinə qarşı törədilmiş silahlı hücum xəbəri ilə bağlı kədərini bölüşmüş və xəsarət alanlara tezliklə sağalmalarını arzu etmişdir. Daha sonra o, Azərbaycanda

qadınların cəmiyyətdəki rolundan danışaraq, ilk dəfə olaraq müsəlman Şərqində və bir çox Qərb ölkələrdən əvvəl qadınlara seçkilərdə iştirak və seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin tarixi nailiyyət hesab olunduğunu diqqətə çatdırmışdır. Səfir Azərbaycanda qadınların ictimai-siyasi fəallığının ildən-ilə daha da artdığını, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisinin yüksəldiyi, eləcə də onların ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında müstəsna rol oynadıqlarını qeyd etmişdir. Fikrin davamı olaraq, E.Süleymanov 2015-ci ildə Birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz xanım Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olduğunu vurğulamışdır. Bu xüsusda, o, həmçinin həmin gün ABŞ-ın Ticarət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Konqresdə “Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu” mövzusunda keçirilmiş tədbirə toxunaraq, bunun hər iki ölkədə qadınların cəmiyyətdəki rolu barədə ABŞ ictimaiyyətinin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını söyləmişdir. Bundan sonra, E.Süleymanov aparıcının Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə suallarına cavab verərək, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, şərq-qərb və şimal-cənub yollarının kəşiməsində yerləşdiyini qeyd etmişdir. Səfir enerji layihələri ilə yanaşı, Çindən Avropaya, eləcə də Hindistandan Şimali Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlərdən danışaraq, bu yolla daşımaların ənənəvi dəniz yollarından fərqli olaraq həm vaxt, həm də məsafə baxımından daha qısa olduğunu bildirmişdir. O, eyni zamanda Azərbaycan tərəfindən regionun nəqliyyat-tranzit imkanlarının artırılması məqsədilə bu sahəyə böyük həcmdə sərmayələrin yatırıldığını, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Avropa ilə Asiya dəmir yolu şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin həyata keçirildiyini və beləliklə də,ölkəmizin həm şərq-qərb, həm də şimal-cənub istiqamətində yüklərin qəbul edilərək, ötürülməsinə hazır olduğunu vurğulamışdır. Bununla yanaşı, səfir Süleymanov Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalandığını diqqətə çatdırmışdır.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6018245-azerbaijan-is-the-railroad-crossroads-of-eurasia-elin-suleymanov-elinsuleymanov-azembassy-us internet səhifəsindən əldə etmək olar. Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ- da milyonlarla dinləyici auditoriyasına malikdir.

Diaspora.az