Dərc edilib: 17:57, 7 İyul, 2017 | 28 dəfə baxılıb

ABŞ-dakı azərbaycanlılar Vaşinqton və Nyu-Yorkda etiraz aksiyası keçirəcək

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan azərbaycanlılar iyulun 4-də işğalçı ordunun atəşi nəticəsində dinc sakinlərin ölümü ilə nəticələnən hadisəyə etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə bu gün Vaşniqtonda, Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası nəzərdə tutulub.

Bu gün Nyu Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək.

Hər iki tədbirdə Ermənistan ordusunun vəhşiliyini nümayiş etdirən plakat və banerlərdən istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Diaspora.az