Dərc edilib: 11:53, 25 Aprel, 2017 | 10 dəfə baxılıb

ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi

Diaspora.az palitranews.az qəzetinə istinadən ABŞ-da yaşayan həmyerlimizin müsahibəsini təqdim edir.

Nabat Eminova: “Azərbaycanı bütün gücümüz və varlığımızla tanıtmalıyıq”

“Gənc diaspor üzvləri” rubrikasını davam etdiririk. Rubrikanın növbəti müsahibi ABŞ-ın Mayami şəhərində yaşayan azərbaycanlı məktəbli Nabat Eminovadır. Qeyd edək ki, 8-ci sinif şagirdi olan müsahibimiz ABŞ-ın Florida ştatındakı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın qızıdır.
-Neçə yaşından diaspor tədbirlərinə qatılırsız?
-Bir gənc olaraq çox qürur hissi keçirirəm ki, mənim köküm azərbaycanlıdır. Bildiyiniz kimi, anam Töhfə Eminova 2006-cı ildən Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasını yaradıb. Mənim o zaman 4 yaşım var idi. Ağlım kəsməsə də, valideynlərim məni və qardaşım Aydını da bu təntənəli tədbirə, yəni açılışa aparmışlar. Elə o gündən bu günə qədər valideynlərim ilə birgə bütün tədbirlərdə iştirak edib Azərbaycanı hər yerdə, xüsusilə məktəbdə, dostlarım arasında təbliğ edirəm.
-Təhsil aldığınız yerdə ölkəmizi necə tanıdırsız?
-Təhsil aldığım məktəbdə Azərbaycanı, beynəlxalq məktəblərarası festivallarda, hər bir ölkənin günü keçirilən tədbirlərdə, Novruz bayramı ərəfəsində keçirilən beynəlxalq kulinariya festivalında təmsil edirəm. Əlbəttə ki, belə tədbirlərdə mən Azərbaycan bayrağı altında iştirak edirəm.
-Məktəbinizdə qeyri-amerikalı olaraq sizə münasibət necədir?
– Mayami şəhərində 75 % ispandilli insanlar yaşayır. Ona görə də münasibət çox müsbətdir. Onu da demək istəyirəm ki, burada ispanlarla yanaşı, yəhudilər, ruslar və başqa xalqların nümayəndələri təhsil alırlar.
-Yaşlı diasporun edə bilmədiyi hansı işlər sizin prioritetinizdir?
-Əlbəttə ki, güclü təbliğat olmalıdır. Azərbaycanı bütün gücümüz və varlığımızla tanıtmalıyıq. Bunun üçün də mən öz üzərimdə çalışıram, bütün konfranslara qatılıram.
-Ananıza diaspor işində nə kimi köməklik edirsiz?
– Azərbaycanla bağlı burada sərgilər, müxtəlif rəsmi görüşlər olur. Bəzən anamla birgə mən də o tədbirlərdə iştirak edirəm. Məsələn, BMT-də keçirilən konfransa mən də qatılmışdım. Ümumiyyətlə, bir çox sərgilərdə mən də anamla birgə ölkəmizi tanıdıram.
-Gələcək planlarınızı da bilmək istərdik.
-Gələcək planlarım elm ilə bağlıdır. Mən həkim olmağı arzu edirəm və bunun üzərində çox çalışıram. Paralel olaraq təşkilatımızda azərbaycanlı gənclərdən ibarət olan qrup yaratmaq məqsədim var. Bununla anamın işini davam etdirəcəm.

Diaspora.az

Emil Əliyev