Dərc edilib: 15:53, 7 May, 2017 | 23 dəfə baxılıb

Bakıda səfərdə olan Virciniya ştatındakı Universitet Xəstəxanasının həkimi Rauf Şahbazovu tanıyaq

-Başlıca məqsədimiz ölkəmizi Birləşmiş Ştatlarda tanıtmaq, əməkdaşlıq əlaqələrini genişləndirmək, milli-mədəni dəyərləri təbliğ etməkdən ibarətdir. Digər tərəfdən Amerikada olan soydaşlarımızı bir təşkilat daxilində birləşdirərək, onların əlaqələrini yaratmaq və müəyyən məsələlərdə işbirliyinə nail olmaq istəyirik. Həm də təkcə orada yaşayan yox, doğma Azərbaycanda olan həmkarlarımıza kömək etmək, onların yüksək ixtisaslı və peşəkar kadr kimi püxtələşməsi, təbabətin ən müasir və qabaqcıl yenilik və üsullarından xəbərdar olmasına çalışmaq da bizim məqsədlərimiz arasındadır, – deyə Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri Rauf Şahbazov söhbət açır.

Diaspora.az-ın verdiyi məlumata görə ,bu günlərdə Bakıda olan Rauf həkim söyləyib və daha sonra əlavə edib, ki: “Bizim Assosiasiya ölkəmizdə olan bəzi xəstələrin daha keyfiyyətli müalicə alması və mütərəqqi üsullarla sağlamlığa qovuşmasını da özünün tədbirləri planına daxil edib. Bu işdə burada olan indiki və gələcək həmkarlarımızın köməyinə bel bağlayırıq. Bunun üçün müasir tələblərə cavab verən tibb kadrlarının hazırlanmasına ehtiyac var. ABŞ-da mütəxəssis hazırlanması uzun və zəhmət tələb edən silsilə imtahan və təlimlərdən keçir. Təşkilatımız bunu nəzərə alaraq Azərbaycanda olan həmkarlarımıza dəstək vermək niyyətindədir və bu sahədə ictimai dəstək, təhsil əlaqələri və digər proqramlarımız var. Biz professional karyerasının müxtəlif mərhələlərində olan tibb mütəxəssislərinə dəstək və yol göstərməyi də planlaşdırırıq”.

47 yaşlı həmyerlimizin zəngin və maraqlı həyat yolu var. Qubadlı rayonunun Tarovlu kəndində dünyaya göz açan Rauf Bakıdakı 5 nömrəli kimya-biologiya təmayülü məktəbi qızıl medalla bitirib. 1993-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirəndən sonra bir müddət Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında ümumi cərrah işləyib. Sonra üç il hərbi səhra hospitalında hərbi cərrah kimi fəaliyyət göstərib. Daha sonra Rauf Şahbazov 5 il Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında çalışıb. Klinika cərrahiyyə rezidentura təlimləri verdiyindən orada həm də Edinburq Cərrahlar Kollecinin standartlarina uyğun olaraq ümumi cərrahliq ixtisasina yiyələnib. Bakıya qayıdandan sonra Xəzər Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olan cərrah N.Tusi klinikasında praktik fəaliyyətini də davam etdirib. 2007-ci ildən sonra iki il qardaş Türkiyənin Ankara şəhərindəki Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlərdə iştirak edib. Həmin təlimlərdən sonra iki il Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları aparıb. Sonrakı bir il Elmi Cərrahiyyə Mərkəzində peşə fəaliyyətini davam etdirən Rauf həkim 2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib. 2012-ci ildən Dallas şəhərindəki Beylor klinikasında həkimlik fəaliyyətini davam etdirən Rauf Şahbazov üç il sonra Virciniya ştatındakı Universitet Xəstəxanasında çalışmağa başlayıb.

Transplant cərrah kimi iki ildir ki, həmin xəstəxanada fəaliyyət göstərən həmyerlimiz keçən ildən Birləşmiş Ştatlarda ictimai fəaliyyətlə də məşğul olur. O, okeanın o tayında işləyən həmkarlarını öz ətrafına toplamağa başlayıb. Rauf həkimin verdiyi məlumata görə, Amerikada həkimlik fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin sayı çox deyil, təxminən 20-30 nəfər həddindədir. İlk növbədə öz həmkarlarını yeni yaradılmış assosiasiyaya üzv qəbul etsə də, təşkilatın qapısı orada yaşayan digər soydaşlarımızın üzünə də açıqdır.

Həkim-cərrah Rauf Şahbazov qaraciyər transplantasiyaları sahəsində elmi axtarışlarını davam etdirir. Dünyanın ən məşhur klinikalarında işləmiş həmyerlimiz son illər ölkəmizdə səhiyyə sahəsində böyük yeniliklər olduğunu söyləyir: “Bakıda üz tutduğum yeni açılan müasir tibb ocaqları Azərbaycan səhiyyəsinin uğurlu inkişafından xəbər verir. Lakin bir sıra ölkələrdə olduğu kimi, burada da tibbi sığortanın tətbiqi çox yaxşı olardı. Xəstələrə qulluq, həkim-xəstə münasibətləri sahəsində hələ öyrənilməli və tətbiq edilməli xeyli məsələlər var. Həmin məsələlər də öz həllini tapandan sonra səhiyyə daha yüksək səviyyəyə çıxa bilər”.

Tibb üzrə fəlsəfə doktoru Rauf Şahbazovun ABŞ-ın Virciniya ştatında çalışdığı xəstəxanada onunla bir yerdə Firudin Azəri adli soydaşımız da çalışır. O, ilkin təhsilini Bakida alsa da, 14 yaşında Azərbaycandan Şimali Amerikaya köçərək ali təhsil aldığı Corc Meyson Universitetini fərqlənmə diplomu ilə bitirib. Daha sonra o, Amerikanın nüfuzlu tibb təhsili ocaqlarından olan Virciniya Universitetində təhsil alıb. O, bu yaxınlarda ABŞ-ın ən məşhur klinikalarınadan olan Pensilvaniya Universitet Xəstəxanasında cərrahiyyə təlimləri alacaq. Firudin Azəri yeni təşkilatlanmağa başlayan Azərbaycan-Amerika Tibb Assosiasiyasının vitse-prezidentidir. Onlar rəhbərlik etdikləri assosiasiya vasitəsilə okeanın o tayında işləyən Azərbaycan həkimləri ilə əlaqə yaradacaqlarını və dünyanın ən inkişaf etmiş ölkəsində işləmək arzusunda olan həmkarlarının arzusunu gercəkləşdirməkdə onlara yardımçı olacaqlarını güman edirlər.

Bəzən ən adi bir xatirə, ən kiçik bir hadisə insanlar, ölkələr, qitələr arasında bağlantı yaradır və sonralar həmin bağlantı yaxınlığa və doğmalığa çevrilir. İndiki halda ABŞ-ın Virciniya ştatındakı Şarlottesville şəhəri ilə bizi doğmalaşdıran qaraciyər transplantasiyası sahəsində istedadlı cərrah Rauf Şahbazov və onun millət, xalq, Vətən təəssübkeşliyi ilə təsis etdiyi Azərbaycan–Amerika Tibb Assosiasiyasıdır…

 

Diaspora.az