Dərc edilib: 23:33, 26 Oktyabr, 2015 | 9 dəfə baxılıb

ABŞ-da “Azərbaycan mədəniyyətinə səyahət” adlı tədbir keçirilib

Oktyabrın 21-də Vaşinqtonda, ABŞ Konqresinin binasında www.AzerbaijaniArtifacts.com virtual sərgisinin başlanmasına həsr edilmiş “Azərbaycan mədəniyyətinə səyahət” adlı mədəni tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilati dəstəyi ilə “Qarabağ” Fondu tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın mədəni irsinin artefaktları təsvir olunmuş fotoplakatlar, tarixi xəritələr və Ermənistan-Azərbaycan münaqişəsi dövründə məhv edilmiş eksponatlar nümayiş etdirilib. Sərgidə həmçinin layihə iştirakçılarının və ABŞ-ın Azərbaycanlılar icmasının nümayəndələrinin vətənlə bağlı duyğularını ifadə edən sözlər yazılmış “Mən azərbaycanlıyam” layihəsinin plakatları nümayiş etdirilib.
Gecəni “Qarabağ” Fondunun icraçı direktoru Diana Altman açıb. O, tədbirin keçirilməsində göstərilmiş dəstəyə görə layihənin sponsorlarına və volonterlərə təşəkkürünü bildirib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirə toplaşanlar qarşısında çıxış edərək bildirib ki, Azərbaycan Avropa ilə Qərb arasında mədəni körpü, mədəniyyətlərarası dialoqun inkişafına sanballı töhfə verən bir ölkədir. Diplomat ölkəmizdə mövcud olan mədəni müxtəliflik və tolerantlıq barədə söhbət açaraq mədəni irsin qorunub saxlanmasına və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsində Azərbaycan rəhbərliyinin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan həm özünün təbii sərvətləri ilə, həm də bu ölkədəki mədəniyyətlərin müxtəlifliyi ilə məşğuldur. E.Süleymanov vurğulayıb: “Azərbaycanın kiçik ölkə olduğunu nəzərə alsaq, burada çoxsaylı mədəniyyətlərin olması mühüm amildir”. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri və azərbaycanlıların öz doğma torpaqlarından qovulması haqda söhbət açaraq qeyd edib ki, bu münaqişə öz evlərinə qayıda bilməyən dinc sakinlərin əzab-əziyyətinə, habelə Azərbaycanın mədəni irsinin – nadir mədəniyyət abidələrinin və artefaktların məhv edilməsinə gətirib çıxarıb.
Sonra Smitson İnstitutu yanında Asiya Mədəniyyət Tarixi Proqramının direktoru Pol Maykl Teylor çıxış edib. O, tədbir iştirakçılarına özünün arxeoloji araşdırmaları və tapıntıları, bu artefaktlara həsr edilmiş “Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gürcüstan, Türkiyə” kitabı barədə məlumat verib. Daha sonra həmin kitabın bir nüsxəsi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.
Diana Altman AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Azərbaycan mədəniyyətini təmsil etmək mənə həmişə xoşdur, lakin artefaktlar barəsində danışmaqdan xüsusi məmnunluq duyuram. Artefaktlar xalqın bir hissəsidir, onlar bu xalqın nümayəndələrinin nə istehsal etdiyini, bu insanların nələr düşündüyünü, hansı hisslərlə yaşadığını göstərir. Bu layihəni həyata keçirməyə bizi sövq edən – xalqın mədəniyyətini onun artefaktları vasitəsilə təqdim etmək zərurətidir”.
Gecə məşhur muğam ifaçısı İmamyar Həsənovun çıxışı ilə davam edib. Tədbirdə Vaşinqtondakı diplomatik nümayəndəliklərin, ABŞ Konqresinin və Amerika paytaxtındakı analitik mərkəzlərin təmsilçiləri, habelə ABŞ-ın azərbaycanlı, türk və yəhudi icmalarının nümayəndələri iştirak ediblər. “Azərbaycan artefaktları” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə həyata keçirilir.