Mirvari Fətəliyeva Fransa mətbuatında bəyanatla çıxış edib

10:00 | 13.05.2017
1.034 dəfə oxundu

Diaspora.az Fransa – Azərbaycan Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin sherg.az-a verdiyi məlumata istinadən xəbər verir ki, Şuşanın işğal olunmasının ildönümü ilə əlaqədar Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa mətbuatında Bəyanatla çıxış edib.

Həmin Bəyanatın mətninin tərcüməsini oxucularımızın diqqətinə təqdim edirik.

Parisdəki Azərbaycan Evinin bəyanatı

Azərbaycanın tarixi beşiyi Şuşa şəhərinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il keçdi.

Tarixi abidələrlə zəngin olan Şuşa Azərbaycanın mədəni irsini dünyada tanıtmış çoxsaylı məşhur insanlar – yazıçılar, şairlər, bənzərsiz səsə malik müğənnilər yetişdirib.

Şuşa uğrunda döyüşlərdə 195 azərbaycanlı həlak olub, 165 nəfər yaralanıb və 68 nəfər ələ keçərək girova çevrilib.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin və insan haqlarının açıq-aşkar pozulmasına gətirib çıxarıb.

300 km2 ərazidə yerləşən Şuşa şəhərində yaşayan 24 900 nəfər öz ölkəsində köçkünə çevrilib. Bununla belə, bu hadisələrin faciəvi nəticələri Azərbaycan torpaqlarının işğalı ilə bitmir. Beş min əşyanın sərgidə olduğu Şuşa muzeyi, Dövlət Milli İncəsənət və Xalça muzeyinin yerli filialı, Qarabağ Etnoqrafiya muzeyi, eləcə də məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Qarabağ Xanlığı kompleksi, İbrahimxəlil Xan Mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan Azıx mağarası, digər mədəniyyət mərkəzləri və qalareyalar dağıdılıb, qarət edilib, kitabxanalar yandırılıb.

Ermənistan Respublikası Azərbaycanın mədəni irsinə qarşı öz işğalçılıq və dağıdıcılıq siyasətini davam etdirir.

Biz – Fransa azərbaycanlıları beynəlxalq təşkilatları ədalətin bərpası, işğal olunmuş torpaqların, o cümlədən də Şuşanın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və bir milyon qaçqının və köçkünün hüquqlarının bərpa olunması, əsir və girovların azad olunması işində Azərbaycana dəstək verməyə çağırırıq.

Biz ümid edirik ki, bütün tanınmış beynəlxalq təşkilatlar və sülh müdafiəçiləri tolerantlıq ölkəsi olan Azərbaycanda sülhün və təhlükəsizliyin bərpası uğrunda cəhdlərini birləşdirəcəklər. Azərbaycana qarşı yürüdülən davamlı işğalçılıq siyasəti dayandırılacaq. Cənubi Qafqaz regionunda əməkdaşlıq və davamlı içkişaf üçün hər cür zəruri şərait təmin olunacaqdır. Heç bir ayrı-seçkiliyə yol vermədən hər bir insanın beynəlxalq səviyyədə qəbul edilmiş fundamental hüquq və azadlıqlarına təminat vermək üçün real imkanlar yaradılacaq.

 

Diaspora.az

Bu xəbərə aid teqlər