Tbilisidə “Azərbaycan-Gürcüstan münasibətlərində gənclərin rolu” mövzusunda konfrans keçirilib

23:54 | 11.05.2017
184 dəfə oxundu

Mayın 11-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında gənclərin rolu” mövzusunda konfrans keçirilib. Tbilisi Dövlət Universitetində İslahatçı Gənclər İctimai Birliyi və universitetin Azərbaycanın Dostları Klubunun birgə təşkilatçılığı ilə baş tutan konfransda iki ölkə arasındakı münasibətlərin mövcud durumu və perspektivləri, bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin rolu müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Tbilisi Dövlət Universitetinin Azərbaycanın Dostları Klubunun rəhbəri Leyla Əmrahova iki ölkə gəncləri arasında belə görüş və toplantıların mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında qədim tarixə söykənən səmərəli dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür.

Daha sonra çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. F.Şahbazlı iki ölkə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və bu münasibətlərin hazırkı səviyyəsinə görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın xarici siyasət strategiyası, beynəlxalq münasibətlər sistemində Azərbaycan-Gürcüstan əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsinin yolları haqqında çıxış edib. XİN sözçüsü bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı bugün ölkə rəhbərliyi tərəfindən olduqca uğurla davam etdirilir. Hikmət Hacıyev iki ölkə arasındakı münasibətlər, Azərbaycanın xarici siyasət konsepsiyası və Dağlıq Qarabağ münaqişəsi haqqında azərbaycanlı və gürcü tələbələrin suallarını cavablandırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin I katibləri Rəhim Rəhimzadə və Vüqar Mustafayev Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud inkişaf səviyyəsindən söz açaraq, səfirliyin iki ölkə gənclərinin əməkdaşlığı istiqamətində gördüyü işlərdən danışıblar. Diplomatlar bildiriblər ki, Azərbaycan və Gürcüstan gəncləri arasında əlaqələlər bundan sonra da müxtəlif layihə və proqramlar çərçivəsində daha da genişləndirilməlidir.

İki ölkənin ortaq tarixi, mədəniyyəti və milli maraqları barədə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov multikulturalizmin Azərbaycan və Gürcüstanda həyat tərzi olduğunu və beynəlxalq münasibətlər müstəvisində Bakı və Tbilisinin eyni maraqlardan çıxış etdiyini bildirib. İki ölkə gənclərinin həyatın bütün sahələrində sıx əməkdaşlıq etməli olduğunu xüsusi vurğulayan Əhməd Şahidov ərazi bütövlüyü və təhlükəsizlik məsələlərini ayrıca qeyd edib.

Tədbirdə çıxış edən gənc Gürcüstanın İslahatçı Gənclər Alyansının rəhbəri Dachi Chitaia və gənc siyasətçi Samirə İsmayılova iki ölkə arasında münasibətlərin qurulmasında gənclərin üzərinə düşən vəzifələr barədə danışıblar.

Sonda Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində fəal iştirak edən bir qrup gəncə İslahatçı Gənclər İctimai Birliyinin Fəxri Fərmanları təqdim edilib.