Gürcüstanda azərbaycanlı rəssamın sərgisi açılıb

20:10 | 07.05.2017
848 dəfə oxundu

Gürcüstanın Marneuli şəhərində azərbaycanlı rəssamın fərdi sərgisi açılıb.

Diaspora.az-ın verdiyi məlumata görə Gürcüstan Rəssamlar Federasiyasının (GRF) ilk azərbaycanlı üzvü Rizvan İsmayılovun “Zərrədən günəşə” adlı sərgisində 20-dən çox rəsm əsəri nümayiş olunub.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, “Region Press” qəzetinin redaktoru Binnət Məmmədov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, yazıçı Əli Abbas, şair Osman Əhmədoğlu, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və başqaları çıxış ediblər. Rəssamın çəkdiyi əsərlərin düşündürücü və dini-fəlsəfi məna kəsb etdiyi bildirilib.

R. İsmayılov indiyədək 100-dən çox əsər üzərində işlədiyini bildirib, xaricdə sərgilərinin keçirildiyini vurğulayıb.

Tədbirin sonunda şair İbrahimxəlilin R. İsmayılovdan bəhs edən “Zərrədən günəşə” adlı kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Tiflis və Bakıda rəssamın əsərlərinin kataloqları nəşr olunub. R. İsmayılovun əsərləri Gürcüstan parlamentinin kitabxanasında, Bakıdakı S. Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda, Türkiyə, Fransa və Rusiyada nümayiş olunub.

Diaspora.az