İlham Rəhimov: “Moskvadan xahiş etdim ki, nə olursa – olsun, bircə ÜAK ləğv olunmasın”

13:06 | 16.04.2017
1.606 dəfə oxundu

Professor İlham Rəhimov Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı “Yeni Müsavat”a detallı açıqlamalar verdi: “Bu yaxınlarda Moskvaya gedəcəyəm, məhkəmə baxışından qabaq orada olacağam, baxmayaraq ki, Konqresə heç bir aidiyyətim yoxdur, mən biganə qala bilmərəm”

Diaspora.az -in xəbər verdiyinə görə Hüquq elmləri doktoru, professor İlham Rəhimov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ətrafında cərəyan edən proseslərlə bağlı “Yeni Müsavat”a geniş müsahibə verib. Digər aktual məsələləri də əhatə edən, maraqlı detallarla zəngin olan müsahibəni təqdim edirik:

– İlham müəllim, ÜAK-ın qeydiyyatının ləğvi təşəbbüsü gözlənildiyindən daha artıq rezonansa səbəb oldu. Adətən Rusiyada verilən qərarlarla bağlı ehtiyatlı rəsmi mövqeyi müşahidə edirdik, amma bu dəfə tam fərqli münasibət sərgiləndi. Milli Məclisdə açıq etirazlar səsləndi, bu qərarın arxasında erməni barmağının olduğu iddiası eşidildi. Sizin Rusiya hakimiyyət dairələrinə birbaşa çıxış imkanlarınız var. Nə baş verir? Rusiya Ədliyyə Nazirliyi niyə Azərbaycanın ən böyük diaspor təşkilatının ləğvini istəyir?
– Siz orda çıxış edən millət vəkillərinin birindən soruşa bilərdiniz ki, hörmətli millət vəkili, sizdə qeydiyyatla bağlı bu məlumat hardandır? Milli Məclis bu məsələni müzakirə edirsə, həmin məsələ ilə bağlı kimsə gəlib məlumat verməlidir. Daha sonra onun ətrafında müzakirələr olur. Yoxsa belə çıxdı ki, o məsələni parlamentdə müzakirə etdilər, amma heç bir rəsmi sənəd, məlumat olmadı, yəni bu işlə məşğul olan hansısa bir rəsmi şəxs gəlib orda məlumat vermədi. Belə göründü ki, millət vəkilləri faktiki olaraq qəzetlərdə nə yazılırsa, o məlumatı götürüb onu müzakirə etdilər.
– Amma deputatların çıxışlarından məlum oldu ki, heç də prosesdən məlumatsız deyillər. Yəni onlar bundan əvvəl də ÜAK-a sənədlərdəki çatışmazlıqlarla bağlı məktub göndərildiyini dedilər. Lakin bildirildi ki, 2016-cı ilin sonlarında ÜAK-a yeni rəhbərlik seçilib, sənədlərin nizama salınması üzərində iş getdiyi halda, Ədliyyə Nazirliyi Ali Məhkəməyə qeydiyyatın ləğvi ilə bağlı müraciət edib…
– Əgər bu məsələ müzakirə olunursa, bu işlə məşğul olan hansısa rəsmi şəxslər var, həm Bakıda, həm Moskvada, onların bu məsələ ilə bağlı məlumatları var, əvvəlcə onları dinləmək lazım idi. Ondan sonra hansısa bir fikir yürütmək olardı. Açığı, mən özüm də bu məlumatı qəzetlərdən oxudum ki, Ədliyyə Nazirliyi dekabrda keçirilən qurultayın materiallarını Ali Məhkəməyə göndərib. Özü də məsələ qeydiyyatın ləğvi ilə bağlı qoyulub.
– Yəqin ki, araşdırmaq imkanlarınız oldu…

“Azərbaycan və Rusiya prezidentlərinin indiki dövrdə yüksək münasibətləri var, belə xırda məsələlər heç vaxt o münasibətlərə təsir edə bilməz”

– Mən özüm də bu məsələ ilə bağlı narahat oldum. Düzdür, Konqresə heç bir aidiyyatım yoxdur. O mənada ki, birbaşa Konqresin işində iştirak etmirəm, dekabrdakı qurultaya da məni dəvət etmədilər. Ancaq ona baxmayaraq, təbii ki, çox vaxt Moskvada olduğumdan, ordakı azərbaycanlılar, regionlardakı diaspor rəhbərləri, Azərbaycan diasporunun ayrı-ayrı nümayəndələri ilə şəxsi münasibətim var, çoxunu tanıyıram, ona görə də mən bu məsələyə biganə qala bilməzdim. Daha sonra isə Rusiyada yaşayan ayrı-ayrı diaspor nümayəndələri mənə zəng etdilər ki, İlham müəllim, bəlkə siz biləsiniz, bu, nə məsələdir? Bunun ardınca Konqresin bir neçə rəhbər şəxsi, vitse-prezidentlər mənə müraciət etdilər ki, Konqresin ləğvi məsələsi var, sizcə, bu, necə olacaq? Dedim, axı mən bilmirəm bununla kim məşğul olub, hər halda ondan soruşa bilərsiniz. Nə isə… Bir neçə gün bundan qabaq Nazim İbrahimov mənə telefon açdı. Hiss olundu ki, o da məsələ ilə bağlı çox narahatdır. Mənə danışdı, dedim özüm də qəzetlərdən oxumuşam. Soruşdum ki, ÜAK-ın ləğvi tələbinin səbəbi nədir? Ola bilməz axı, səbəbsiz bir şey olsun. O da mənə dedi ki, heç biz özümüz də bunun səbəbini bilmirik. Soruşdum ki, mən neyləyə bilərəm? Dedi səbəbini öyrənə bilərsinizmi? Bildirdim ki, çalışaram. Mən məsələni sonraya saxlamadım, elə səhəri günü əlaqə saxladım. Çünki bilirdim ki, aprelin 11-də artıq məhkəmə olmalıdır. Ona görə də, özüm də aydınlaşdırmağa tələsdim. Və hamısını aydınlaşdırdım. Sonra Nazim müəllimin özünə də məlumat verdim ki, Konqresdən qeydiyyat üçün göndərilən sənədlər düzgün tərtib olunmayıb. Dedim bilmirəm siz bilirsiniz, ya yox, ancaq Ədliyyə Nazirliyi qurultaydan qabaq və sonra Konqresə xəbərdarlıq məktubu yazıb göndərib ki, sizin sənədlərdə nöqsanlar var, onları aradan qaldırmaq lazımdır. Ancaq Konqresdən heç kim məktuba reaksiya verməyib. Dedim mənə məlumat belə çatıb. Bu mənada söhbət ondan gedir ki, orada sənədlər düzgün tərtib olunmayıb və bu səbəbdən məhkəməyə müraciət olunub. Məhkəmədən qabaq isə ÜAK rəhbərliyinə müraciət olunub, məktub göndərilib.
– Rusiya qanunları nə deyir, Ədliyyə Nazirliyi Konqresə növbəti dəfə şans verə bilməzdimi?


– Bəs, ona görə məktub göndəriblər ki, “nümayəndəniz gəlsin, nə etmək, bunu necə aradan qaldırmaq lazımdır, bütün bunları başa salaq”.
– Gedən olmayıb?
– Əgər gedən olsaydı, məhkəməyə niyə müraciət olunurdu ki?
– İlham müəllim, Rusiyadan gələn təhlükələrdən zaman-zaman ziyan görmüşük, ona görə də hər addımda şübhəyə düşməyimiz bir az da təbiidir. Bu gün Rusiyada onlarla erməni diaspor təşkilatları var, hətta “Artsax” adı ilə fəaliyyət göstərənlər, Naxçıvana iddia edən qurumlar rahat fəaliyyət göstərir. Sizə elə gəlmirmi ki, ÜAK-la bağlı proses əslində hüquqi yox, siyasi mahiyyətlidir?
– Bir var məsələni siyasiləşdirək, bir də var hüquqşünas kimi danışaq… Prinsip etibarilə burada günahkarı kənarda axtarmaq lazım deyil. Sadəcə olaraq burada Konqresin özünün günahıdır ki, məsələyə səhlənkar yanaşıblar, söhbət bundan gedir.
– Amma hətta Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail Zabelin də Rusiya Ədliyyə Nazirliyinin qərarına açıq etirazını bildirdi. Demək, siyasi qərarın olması iddiası tam əsassız ola bilməzdi…
– Əvvəla, bu, elə bir məsələ deyil ki, Rusiya prezidentinin səviyyəsinə qalxsın. Azərbaycan ilə Rusiya arasında elə bir münasibət var ki, heç bir vaxt belə xırda məsələlərə görə münasibətlərə xələl gələcəyini gözləmək olmaz. Burada bir məsələ də var. Nəyə görə deyirəm bunu siyasiləşdirməyə ehtiyac yoxdur? Gəlin, tarixə qayıdaq, Konqresin yaranma məsələsinə. Hamımız bilirik ki, Konqresin yaradılması rəhmətlik Heydər Əliyevlə bağlıdır, təşəbbüskar o olub. Yadımdadır ki, 2001-ci ildə diaspor təşkilatının qurultayı keçiriləndə bu işlə rəhmətlik Aydın Səmədoviç Qurbanov çox aktiv məşğul olurdu, indiki Konqresin sədrinin kiçik qardaşı. Hazırlıq işinə o baxırdı, təşkilati məsələlərlə məşğul idi.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayevin də Konqresin yaradılmasında çox böyük əməyi var. Onda Aydın Qurbanov məndən xahiş etdi ki, İlham müəllim, bizim qurultay olacaq, olarmı Putinin qurultay iştirakçılarına təbrik məktubunu hazırlayaq, siz ona qol çəkdirəsiniz? Razılaşdım, rəhmətliklə bir yerdə məktubu hazırladıq və mən bu məktubla Putinin yanına getdim. Mən bunun hamısını sizə niyə danışıram? Ona görə ki, indiki vəziyyəti Putinə bağlamaq insafsızlıqdır.
– Maraqlı faktdır. Məktuba reaksiya necə oldu?
– Məktubu apardım, dedim bizim qurultay hazırlığı gedir, çox yaxşı olar ki, siz bu təbrik məktubuna qol çəkəsiniz, biz onu orda oxuyaq. O mənə nə desə yaxşıdır? Dedi bu, bir az yaxşı çıxmaz ki, mənim təbrikimi sizlərdən kimsə orda oxusun. Daha hörmətli olar ki, mən – Prezident Administrasiyasının o vaxtkı rəhbəri Aleksandr Stalyeviç Voloşin idi – Voloşinə tapşıracağam, qurultayda mənim təbrikimi o oxuyacaq. Elə də oldu. Bir neçə gündən sonra prezidentdən xahiş etdim ki, artıq qurultayımız keçirilib, amma biz işləmək üçün Rusiya hökumətindən kiminləsə əlaqələr yaratmalıyıq ki, fəaliyyətimizi, nə ilə məşğul olacağımızı siz də biləsiniz və bizə bir kömək də edəsiniz.

Dedi çox gözəl. Həmin Voloşinə tapşırdı ki, İlham Rəhimovla görüşün, bütün o məsələləri bir yerdə müzakirə edin. Üç saat Voloşinlə oturduq və bu haqda söhbət etdik və perspektiv planlarımızdan danışdıq. Ondan sonra da açığını deyim, bizim Konqres çox güclü işləyirdi. Bir-birimizə kömək edirdik, məsləhətləşirdik, İdarə Heyətində iclaslar keçirirdik. Fikir verin, orada kimlər var idi: Vahid Ələkbərov, rəhmətlik Aydın Qurbanov, Telman İsmayılov, Araz Ağalarov, Rüstəm İbrahimbəyov, Tahir Salahov, İsgəndər Xəlilov… Yəni Rusiyada olan tanınmış iş adamları, ziyalılar… Başqaları da var idi, hamısını saymaq istəmirəm. Çox güclü bir təşkilat idi və neçə illər ərzində çox güclü işlədi.

“…Məktubu hazırladıq və mən bu məktubla Putinin yanına getdim. Bunun hamısını sizə niyə danışıram? Ona görə ki, indiki vəziyyəti Putinə bağlamaq insafsızlıqdır”
– Yuxarıda adlar da sadaladınız. Belə fikirlər də var ki, Rusiya 2013-cü il prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” layihəsini işə saldığı kimi, 2018-ci il seçkilərində də Bakıya təzyiq planını işə sala bilər. Üstəlik, ÜAK ətrafında baş verənlərdə “milyarderlər klubu”nun nümayəndələrinin iştirakı versiyası da var. Bu versiyalar haqqında nə deyə bilərsiniz?
– Bu, ayrı-ayrı şəxslərin fikridir. Ona görə də, mən onları qeyri-ciddi fikir kimi qəbul edirəm.
– Faktiki olaraq siz Konqresin həmtəsisçisi olmusunuz, amma son illərdə kənarda qalmağa üstünlük vermisiniz. Hər halda səbəbsiz deyil…
– Həmtəsisçi deyəndə ki… Mən o təşkilatın yaranmasında aktiv iştirak edirdim, nə imkan var idi, yaxından dəstək olurdum. Bu da təbii idi. Çünki mən orda çox adamları tanıyırdım, münasibətim var idi, əlim çatırdı. Məsələn, o vaxt Rusiya Prezident Aparatında bizə təklif etdilər ki, istəyirsiniz sizə hansısa telekanalda vaxt ayıraq, orda millətinizi, mədəniyyətinizi, Konqresin işini təbliğ edəsiniz. Onda Putin təzə hakimiyyətə gəlmişdi və rəhmətlik Heydər Əliyevlə də çox gözəl münasibətləri var idi, bir-birinə çox böyük hörmətlə yanaşırdılar. Ona görə də çox təbiidir ki, Putin çox çalışırdı və əlindən gələni edirdi ki, Azərbaycan diasporuna nə imkan varsa, köməklik olunsun. Bunlar faktdır.

“Məhkəmə baxışından qabaq Moskvada olacağam”
– “Şimal küləyi”ndən tarixən başımız çox çəkib. O mənada Rusiyadakı aparıcı diaspor təşkilatının ətrafında baş verənlər də birmənalı qarşılanmadı, burada Rusiya hakimiyyət dairələrinin təsirinin olması daha inandırıcı göründü…
– Həqiqət ondan ibarətdir ki, indiki Azərbaycan diaspor təşkilatı həmin mən dediyim 2001-ci və ondan sonrakı illərdə olan diaspor təşkilatı kimi deyil. O vaxt çox monolit bir təşkilat idi. Amma indi başa düşmək olmur orada nə baş verir.
– Ədliyyə Nazirliyinin nümayəndəsi 11 apreldəki məhkəmə prosesinə gəlmədiyi üçün proses 25 aprelə təyin olunub. Necə bilirsiniz, ertələnmə qərarı dolayısı ilə iddiadan imtina mənasını verir, yoxsa bu qənaətə gəlmək tezdir? Gözləntiləriniz necədir?
– Nazim müəllimlə söhbətdən sonra ki, bu işlə məşğul oldum, artıq orada Ədliyyə Nazirliyinə aid iş yox idi. Sənədlər artıq Ali Məhkəməyə getmişdi. Əgər sənədlər Ədliyyə Nazirliyində olsaydı, təbii ki, ayrı tədbirlər görmək olardı. Ancaq indi bircə o qalır ki, Ali Məhkəmə elə bir qərar versin ki, Konqresin qeydiyyatı ləğv olunmasın. Mənim Moskvadan xahişim ondan ibarət oldu ki, nə olursa-olsun, bircə təşkilatın qeydiyyatı ləğv olunmasın. İndi gözləyirəm ki, hər halda mənim xahişimi nəzərə alacaqlar. Yəni mənim əlimdən gələn bu oldu. Bu yaxınlarda Moskvaya gedəcəyəm, məhkəmə baxışından qabaq orada olacağam. Təbii ki, bir azərbaycanlı kimi – baxmayaraq ki, Konqresə heç bir aidiyyətim yoxdur – mən biganə qala bilmərəm və öz təşəbbüsümlə bu işlə məşğul olacağam.
– Baş verənlər Sergey Lavrovun “Rusiya Azərbaycanı Avrasiya Birliyində görmək istəyir” açıqlamasından sonraya təsadüf edir. Sadəcə təsadüfdürmü?
– Bu, elə bir ciddi məsələ də deyil. Bunu şişirtməyə, siyasiləşdirməyə dəyməz. Düzdür, qəzetlərdə Lapşinlə də bağlayırlar. Amma qeyri-ciddi yanaşmadır.
– Amma digər məsələlər də var. Şimal sərhədlərimizdə Azərbaycan məhsullarının idxalına qoyulan qadağa, yük maşınlarımızla bağlı yaradılan problemlər. Bəs, bunlar barədə nə deyə bilərsiniz? Ola bilməz ki, bütün məsələlərdə Rusiya haqlı olsun…

– Bir neçə ay bundan əvvəl 800 yük maşını orda qalmışdı. Mən problemi həll etdim. İndi yenə deyirsiniz eyni vəziyyət yaranıb. Orada sərhəddən buraxılma, gömrük məsələsi deyil. Rusiya sürücüləri orada yolu bağlayıblar, o da pullu yoldur. Azərbaycandan gedən maşınlara deyirlər ki, siz də bizə qoşulun, birgə mübarizə aparaq, yola pul verməyək! Söhbət bundan gedir. Yoxsa burada siyasi çalar axtarmağa dəyməz.

“Bir neçə ay bundan əvvəl 800 yük maşını orda qalmışdı, mən problemi həll etdim, indi yenə deyirsiniz eyni vəziyyət yaranıb; səbəbini deyim…”

– Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev Bakı səfərindən sonra Azərbaycan prezidenti ilə görüşdən maraqlı bir məqamı açıqlamışdı. “Biz Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz”-Solovyov prezident İlham Əliyevin dediklərini xatırladıb. Siz Putini yaxından tanıyırsınız, bu haqda nə deyə bilərsiniz? Putinin müstəqil Azərbaycana münasibəti sona qədər səmimidirmi?
– Azərbaycan və Rusiya prezidentlərinin indiki dövrdə yüksək münasibətləri var, belə xırda məsələlər heç vaxt o münasibətlərə təsir edə bilməz.
– Lavrovun Bakıya Gömrük İttifaqı ilə bağlı ünvanlandığı mesajda sətiraltı məqsəd ola bilər… Yaxud “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”, açıqlaması
– Lavrovun Qarabağla bağlı dediklərinə mən cavab vermişdim. Kimisə hansısa iqtisadi ittifaqa dəvət etməkdə pis bir şey yoxdur, amma qərarı ölkənin özü verir. Sərf edirsə, həmin ölkə daxil olur, sərf etmirsə, yox.
– Moldova da Avrasiya Birliyi ilə bağlı qərar verdi…
– Baxmayaraq ki, Moldova Avropaya hər tərəfdən daha yaxın, onların prinsiplərini daha çox qəbul edən ölkədir, Avropa ona qadağa qoya bilməz.
– Azərbaycanın analoji addım atması mümkündürmü?
– Söhbət iqtisadi ittifaqa qoşulmaqdan gedir. Əgər Azərbaycana iqtisadi nöqteyi-nəzərdən xeyir verirsə, niyə də ora getməsin? Mən siyasi tərəfinə qarışmıram. Yox əgər bu, hardasa ziyandırsa, onda təbii ki, ora getməyə dəyməz. Əgər biz indi o ittifaqı qəbul etmiriksə, demək bizə sərf eləmir.
– İlham müəllim, “Yeni SSRİ” təhlükəsi qalırmı?
– Bunu beyninizdən çıxarın. Bu, mümkün olan şey deyil…

Diaspora.az