Azərbaycanın Litvadakı səfirliyində mədəniyyət axşamı keçirilib

21:49 | 15.04.2017
808 dəfə oxundu

Azərbaycanın Litvadakı səfirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Litva Azərbaycanlı Gəncləri Təşkilatı (AYOL) tərəfindən səfirliyin ziyafət zalında mədəniyyət axşamı keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən  verilən məlumata görə, tədbirdə Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və qrupun üzvləri, seym sədrinin xarici siyasət üzrə müşaviri Kəstutis Kudzmanas, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, Litva XİN-in əməkdaşları, Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, KİV rəhbərləri və nümayəndələri, Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvada təhsil alan azərbaycanlı tələbələr keçmiş Novruz bayramı, Litvalı qonaqları isə qarşıdan gələn Pasxa bayramı ilə bağlı təbrik etdikdən sonra ölkəmizdə mədəniyyət sahəsində görülən işlər barədə qısa məlumat verib. Azərbaycan-Litva əlaqələrin inkişaf etdiyini qeyd edən səfir yaxın zamanlarda Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanmasının gözlənildiyini bildirib.

Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik  Azərbaycan xalqını keçmiş bayram münasibətilə təbrik edib və rəhbərlik etdiyi qrupun Azərbaycanla parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Daha sonra qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan haqqında tanıtım çarxı nümayiş olunub və ziyafət verilib.

Diaspora.az