Rəhmətə gedən məşhur Diaspora sədri anılıb

Bu gün Abşeron rayonunda Ümummrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl şöbəsinin mərhum sədri Söhrab İbrahimov anılıb. Bu haqda “Diaspora.az” saytına Diaspor Jurnalistləri Birliyinin Mətbuat xidmətindən məlumat verilib.

S.İbrahimovun məzarı üstə keçirilən anım tədbirində onun ailə üzvləri, qohumları, dostları və Diaspor Jurnalistləri Birliyinin rəhbərliyi iştirak edib. Mərhum diaspor üzvünün atası Mədət İbrahimov, qardaşı Dilafət İbrahimov anım tədbirində iştirak edənlərə öz minnətdarlıqlarını bildiriblər.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə çıxış edərək mərhumun yaxınlarına başsağlığı verib: “S.İbrahimovla həyatda görüşmək mənə nəsib olmadı. Lakin onun vətənpərvərliyi, fəaliyyəti hər zaman məni diqqətimdə olub. Biz müşahidə edirik ki, S.İbrahimovun vəfatından sonra Yaroslavlda onu əvəz edən diaspor üzvü hələ yoxdur. S.İbrahimov vəfatı ilə Yaroslavlda diaspor abu-havasını özü ilə aparıb. Onun adı hər zaman yaşayacaq. Mən şadam ki, “Dünya azərbaycanlılarının palitrası” kitabında S.İbrahimovun da müsahibəsinə yer verməklə adını hörmətlə yad etmişəm”.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə çıxışında qeyd edib ki, tale S.İbrahimovu uzaq dağ kəndindən böyük Rusiyaya elə böyük işlər görmək üçün aparmışdı: “Söhrab qısa, ancaq mənalı ömrünü millətinə, dövlətinə, insanlığa xidmətlə başa vurdu.

O, 41 illik ömrünu onu əbədi yaşadacaq işlərə sərf elədi və elə sağlığındaca ölməzlik qazandı. Hər dəfə danışıqlarımızda deyərdi ki: “Dünyanın harasında oluramsa olum, ruhən Azərbaycanla, Vətənlə yaşayıram”. Əgər bir insan haqqında təkcə öz həmvətənləri deyil, ruslar, yəhudilər, almanlar və başqa xalqların nümayəndələri “o, dünyaya xeyirxahlıq etmək üçün gəlmişdi”-deyirlərsə, demək, bu böyük əməllərin sahibi, ölməyib, ölməyəcək və millətimiz, dövlətimiz durduqca yaşayacaq.

Ölməz ruhun həmişə şad olsun əziz qardaşım!”. Daha sonra mərhumun ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb. Qeyd edək ki, Söhrab Mədət oğlu İbrahimov 1974-cü il iyulun 10-da Laçın rayonunun Alıqulu kəndində anadan olub. 1991-ci ildə Pircahan kənd orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Yaroslavl şin zavodunda başlayıb. 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə Beynəlxalq İqtisadiyyat və Hüquq İnstitutuna qəbul olunub. 2002-ci ildə həmin İnstitutun hüquq fakültəsinin “Dövlət idarəetməsi” ixtisasina yiyələnib. Yaroslavl şəhərində fəaliyyət göstərən “Vivat” tikinti şirkətinin hüquq məsləhətçisi vəzifəsində calışıb. 2007-ci ildən “Mila” firmasının direktoru və 2009-cu ilin iyun ayından Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl Şəhər Şöbəsinin sədri seçilib.

2009-cu ildən Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasının üzvü, Partiyanın ilkin dairələrindən birinin katibi, Şəhər Sovetinin siyasi bürosunun üzvü idi. 2015-ci ilin aprelin 9-da uzun sürən xəstəlikdən dünyasını dəyişib. Ailəli idi, iki qızı, bir oğlu var idi.

Diaspora.az