Fransa mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıların sayı artıb

12:47 | 04.04.2017
965 dəfə oxundu

Münaqişənin həllinə dair baxışların şərh olunduğu məqalələrdən biri bugünlərdə “Huffington Post” qəzetində dərc olunub

Son zamanlar Fransa mətbuatında Azərbaycan və Ermənistan arasında artıq bir neçə onillik ərzində davam edən və vaxtaşırı qanlı hadisələrlə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsi barədə analitik yazıların sayı nəzərəçarpan dərəcədə artmışdır. Bu bir tərəfdən, Fransanın münaqişənin sülh yolu ilə həllinə çalışan Minsk Qrupunun həmsədrlərindən biri olması ilə bağlıdırsa, digər tərəfdən, son illərdə Azərbaycan həqiqətlərinin Fransada daha geniş yayılmasından və nəticədə uzun müddət həll olunmamış qalan bu münaqişəyə elmi, siyasi və diplomatic dairələrdə marağın artmasından qaynaqlanır. Bu münaqişənin həllinə dair baxışların şərh olunduğu məqalələrdən biri bu günlərdə “Huffington Post” qəzetində dərc olunmuşdur.
Məqalənin müəllifi vaxtilə Əfqanıstanda Fransa hərbi qüvvələri Komandanının müşaviri olmuş və hal-hazırda Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun prezidenti, geo-siyasət üzrə professor Emanuel Düpüi Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın mümkün rolunu şərh edir.
Maraq doğura biləcəyini nəzərə alaraq, məqalənin Azərbaycan dilinə tərcüməsini hörmətli oxucularımızın diqqətinə çatdırırıq.

Rusiya qəliz Qarabağ probleminə necə son qoya bilər?!
Adətən deyirlər ki, sülh yaratmaq üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə belə görünür ki, burada sülh yaranması üçün üçüncü tərəfə ehtiyac var.
Qonşu Ermənistan tərəfindən işğal olunmuş Azərbycan torpaqları olan Dağlıq Qarabağın ikinci böyük şəhəri Xocalı ərazisində 1993-ci ilin 26 fevralında baş vermiş və 600 nəfərdən çox insanın ölümünə səbəb olmuş qətliamın xatırlanması ilə bağlı Azərbaycanın tədbirlər keçirdiyi bir vaxtda SSRİ-dən müstəqillik əldə edəndən bəri bu iki barışmaz qonşu arasında bu günə qədər dağıntılarla müşahidə olunan münaqişə Cənubi Qafqazda sabitliyi və inkişafı dayanmadan təhdid edir.
Həqiqətən durum xüsusi olaraq paradoksaldır, çünki hər iki ölkənin coğrafi yerləşməsi Avropa Birliyinin, Rusiyanın, İranın, Türkiyənin və Çinin nəhəng Avrasiya iddiaları baxımından xüsusi əhəmiyyət kəsb edir!
Ötən ilin noyabrında Türkmənistanda keçirilmiş və “Lapiz-Lazuli” dəhlizinin yaranmasının əsasını qoyan Aşqabat Zirvə Görüşü bir daha təsdiq etdi ki, Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya arasında əmlak və ticarət mallarının sərbəst dövriyyəsi yeni İpək Yollarının əsas elementidir. Xüsusilə, 2015-ci ildə Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər, Bir Yol” layihəsi bu coğrafiyada nəhəng sərmayələrin yatırılmasını nəzərdə tutur.
İqtisadi inteqrasiyaya nail ola bilməyən və diplomatik tanınma axtarışında olan bir region üçün həyati əhəmiyyətli bu geo-iqtisadi maraqlar kontekstində Dağlıq Qarabağ ətrafındakı münaqişə olduqca yersiz görünə bilər.
Ən pisi də odur ki, “status-kvo”nun bir azdan otuz yaşı olacaq və gərginlik son həddə çatıb: bu münaqişə 1994-cü ilin 12 mayından etibarən davam edən atəskəsdən sonra dondurulsa da, 2011-ci ildə və ötən ilin aprel ayında baş vermiş və onlarla azərbaycanlı və erməni hərbiçilərinin ölümü ilə nəticələnmiş konkret toqquşmaların da göstərdiyi kimi, bu atəşkəs rejiminin istənilən zaman çat vermə riski getdikcə böyüyür.
BMT-nin 1993-cü il tarixli dörd qətnaməsinin, Aİ, ATƏT və münaqişənin həlli yolunu tapmaq məqsədi ilə 1992-ci ildə yaradılmış və Fransanın, Rusiyanın və ABŞ-ın həmsədrlik etdiyi “Minsk Qrupu” səviyyəsində sərgilənmiş mövqelərin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 20%-nin – Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun işğal edilməsi faktını heç kim inkar edə bilməz.
Eləcə də, Xocalı qırğınının soyqırım xarakterli olmasının dünya üzrə ondan çox milli parlament və Birləşmiş Ştatların federal dövlətlərini təmsil edən iyirmiyə qədər palata tərəfindən tanınmasına da faktdır.
Münaqişənin yerli xalqlar üçün həyati əhəmiyyətli həlli yolunda qəbul edilmiş hüquqi, qanunvericilik və diplomatik qərarlar nə qədər legitim və vacib olsa da, bütün bunlar real sülhə gətirib çıxarmır.
Lakin soyuq müharibə dövrünün və keçmiş SSRİ-nin sonunda güclər nisbətinin yaratdığı bu “strateji” reallıq bu günün reallığına uyğun gəlmir.
Münaqişənin həlli Moskvada, İstanbulda, Tehranda, daha çox da ATƏT-in iqamətgahının yerləşdiyi Vyanada, yaxud da ki, Vaşinqtonda və ya Parisdədir.
Nə erməni prezident Serj Sərkisyanın ötən həftə Parisə səfəri, nə də onun ardınca onun Bakıdakı həmkarı İlham Əliyevin Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi münasibəti ilə martın 13-də başlayan səfəri vəziyyəti əsaslı şəkildə dəyişməyəcək. Ən pisi də odur ki, bir-birinin ardınca baş tutan bu görüşlərdə Fransa diplomatiyası öz fəaliyyətsizliyinə tamaşaçı qismində baxan, bacarıqsız, təşəbbüs imkanları “getdikcə daralan” vasitəçi təsiri bağışlayır.
Suriya böhranı nümunəsi də göstərir ki, zor gücünə axına qarşı üzməkdə əslində risk böyükdür. Əslində Minsk Qrupu vasitəsi ilə Fransanın üzərinə qoyulmuş vasitəçilik rolu, yeri gəlmişkən, Vladimir Putinin 2013-cü ildə və bu yaxınlarda, ötən sentyabrda Sankt-Peterburqda rəqib tərəfləri öz himayəsi altında görüşdürərkən üzərinə götürdüyü təşəbbüslərdən heç də ağır deyildir.
25 ildən bəri iki Qafqaz ölkəsini üz-üzə qoymuş münaqişənin əsas müəyyənləşdirici elementi Ermənistanın Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına qoşulmasıdır. KTST – kollektiv təhlükəsizlik aləti kimi 2002-ci ildə Moskva tərəfindən yaradılmışdır və 1990-cı illərin əvvəllərində müstəqillik qazanmış qonşuluğundakı altı Respublikanı Rusiyaya bağlayır. Sülh həllinin tapılmasında Rusiyanın rolu indiyədək bu qədər xarakterik və dolğun olmamışdır. Oxşayır ki, Moskva vəziyyəti ölü nöqtədən tərpədəcək qədər təsir imkanlarına malikdir. O daim Azərbaycanın KTST-na daxil olmasını şərt kimi qoymaqda davam edir. Bakı həmişə imtina edir…
2008-ci ildən KTST-na sədrlik edən Ermənistan müasir silahlar sistemindən, konkret olaraq ballastik “İskəndər” raketlərindən bəhrələnir və öz ərazisində yerləşmiş hərbi rus “məsləhətçiləri”in xidmətindən yararlanır. Azərbaycan isə bu cür “xüsusi münasibət”dən bəhrələnmir və Ermənistanın müftə əldə etdiyi silahları pul ilə almalı olur.
Bu cür yeni geosiyasi konfiqurasiyada bizim hələ də vasitəçi rolunu oynamaq və bölgədə sülhün qarantı olmaq imkanlarımız qalırmı? Ötən ilin aprelində münaqişənin alovlanması və ötən həftə intensivliyin artması bunların əksini sübut edir.
İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin ötən ilin avqustunda Bakıda keçirilmiş görüşü və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın fəallaşması, onun Qafqazda sabitlik platforması ideyasının da delalet etdiyi kimi İran və Türkiyə də möhkəm sülhün, təhlükəsizliyin və sabitliyin davamlı axtarışında kənarda qalmırlar. Amma onu da qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın bu ideyası 2008-ci ildəki Gürcüstan böhranından sonra ortalıqda qaldı.
Ötən ay Münhen Təhlükəsizlik Konfransı zamanı İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də bəyan edərək xatırladırdı ki, Ermənistan və Azərbaycanın və eləcə də Qarabağın işğal olunmuş ərazilərinin qonşuluğunda yerləşən bir güc mərkəzi kimi onun ölkəsi də vasitəçilik xidməti göstərməyə hazırdır.
Pakistanın paytaxtı İslamabadda bir neçə gün öncə baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çoxsaylı regional layihələrin gündəmə gətirilməsi beynəlxalq münasibətlərdəki “şərqləşməni” xüsusi olaraq təsdiq etdi.
Bütün bunlar onu göstərir ki, bu sonuncular davamlı böhrandan çıxış yolunun vacib şərtini axtarırlar və bu çıxış yolunun tapılmasında onların marağı qarşılıqlı olduğu qədər də paylaşmış olmalıdır, çünki onlar 1991-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən sərhədləri tanınmış iki düşmən qonşunun sərhədlərində yerləşirlər. Həm də bir-birinə düşmən kəsilmiş bu iki müstəqil qonşu dövlət öz hərbi, diplomatik “fəaliyyət zonasını” get-gedə Orta Şərqdəki münaqişə bölgələrinə qədər genişləndirməyə çalışan və 2015-ci ilin sentyabrında Suriyaya ağır hərbi müdaxiləsindən sonra burada “qarant”a çevrilmiş Rusiyanın təsir dairəsindədirlər.
Qısası, bundan sonra Moskvanın marağı öz yaxın qonşuluğundakı (o bu bölgələri bu yaxınlara qədər özünün “yaxın xarici” adlandırırdı) münaqişələrin həllində qərar tutur və məqsədi bütün hərbi gücünü və maliyə imkanlarını özü üçün müəyyənləşdirdiyi iki istiqamətə cəmləşdirməkdir: Avrasiya, Qafqaz, Mərkəzi Asiya və kontinental istiqamət, eləcə də meridian boyu və Aralıq dənizi istiqaməti.
Kaş ki, erməni və azərbaycanlı prezidentlər ən tez zamanda bu imkandan yararlanmağı bacaralar: bir tərəfdə, qarşıdan gələn 2 apreldə keçiriləcək parlament seckiləri ərəfəsində indiyədək Yerevanda uğur qazana bilən müharibə çağırışı məntiqi yararsız hala gətirilə, digər tərəfdə isə Bakının hərbi büdcəsi əhəmiyyətli dərəcədə kiçilə bilərdi.
Adətən, deyirlər ki, sülhü yaratmaq üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsində isə, deyəsən, üç olmaq lazımdır və bu oyunda top hazırda meydanın Moskvaya aid hissəsindədir, Suriya böhranında olduğu kimi.

Emanuel Düpüi
Geosiyasət üzrə professor
Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun prezidenti