Parisdə TEAS-ın “Xocalı vizual sənət” müsabiqəsinin qalibləri mükafatlandırılıb

19:02 | 17.03.2017
960 dəfə oxundu

Parisdə Fransa Senatının üzvü Andre Rişarın himayəsi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Xocalı soyqırımı ilə bağlı elan etdiyi müsabiqə çərçivəsində seçilmiş əsərlərin mükafatlandırma mərasimi keçirilib.

Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin direktoru Mari-Letisiya Qurden tədbiri açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən qanlı səhifəsi olan Xocalı faciəsi haqqında məlumat verib.

Bildirib ki, TEAS məhz Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə müsabiqə elan edib. M.L.Qurden erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal etdiyini, nəticədə bir milyon qaçqın və məcburi köçkünün doğma yurdundan didərgin düşdüyünü, Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə məhəl qoymadığını diqqətə çatdırıb.

Müsabiqənin iştirakçılara incəsənət vasitəsilə öz hisslərini, ağrı-acılarını ifadə etməyə imkan yaratdığını bildirib. Müsabiqənin məqsədi Fransa siyasətçilərinin və vətəndaş cəmiyyətinin diqqətini bu soyqırımına cəlb etmək, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə tezliklə həlli istiqamətində fəal olmağın əhəmiyyətini onlara çatdırmaqdır.

M.L.Qurden müsabiqənin təşkilinə göstərdikləri dəstəyə görə senator Andre Rişara, münsiflər heyətinin üzvləri – Əməkdar Rəssam Əsmər Nərimanbəyovaya və Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRİF) icra bürosunun üzvü Jan-Pyer Allaliyə təşəkkür edib.

Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov bu müsabiqənin Azərbaycanın dostları tərəfindən fevral ayında Xocalı soyqırımının 25 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən biri olduğunu deyib. Diplomat qeyd edib ki, Xocalıda baş verən qırğın BMT Baş Məclisinin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən əlamətləri özündə əks etdirdiyi üçün “Xocalı soyqırımı” adlandırılmalıdır. Erməni silahlı qüvvələri Xocalıdakı insanları məhz azərbaycanlı olduqları üçün qətlə yetirib. Bu məqsədlə bir çox konfranslar və tədbirlər təşkil olunub. Bugünkü müsabiqənin də əsas məqsədi məhz incəsənət vasitəsilə həmin soyqırımının qurbanlarının xatirəsini yad etməkdir.

Səfir bildirib ki, əsas məqsəd ədalətin bərpa edilməsidir. Ədalət isə intiqam deyil, günahsız qurbanların xatirəsinin layiqincə qiymətləndirilməsidir. Xocalı soyqırımının postsovet məkanında ən qanlı səhifə olduğu diqqətə çatdırılıb. Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışan E. Əmirbəyov ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğunu vurğulayıb. Bildirilib ki, ölkə əhalisinin hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək və Dağlıq Qarabağda hər iki millətin nümayəndələri sülh şəraitində yaşayacaqlar. Ermənistan münaqişənin davamlı həllinin yalnız danışıqlar vasitəsilə mümkün olduğunu anlamalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfəri çərçivəsində Prezident Fransua Olland, eləcə də Senatın və Milli Assambleyanın prezidentləri ilə görüşlərində bildirdi ki, dövlətimiz sülh istəyir, ancaq bununla belə ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

Senator Andre Rişar 613 Xocalı qurbanının xatirəsinin yad edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, soyqırımı qurbanlarının xatirəsinin yad edilməməsi onların ikinci dəfə qətlə yetirilməsi deməkdir. Senator həm tədbirin təşkilinə, həm də ona öz hisslərini ifadə etməyə imkan yaratdığına görə TEAS-a təşəkkürünü bildirib. Bir neçə gün əvvəl ölkəmizə səfərdən qayıtdığını və bu səfər zamanı əsl dostluqla qarşılandıqlarını diqqətə çatdırıb. Səfər çərçivəsində rəhbərlik etdiyi senatorlardan ibarət nümayəndə heyəti ilə birlikdə ilk dəfə qoşunların təmas xəttinə – işğaldan azad olmuş Cocuq—Mərcanlı kəndinə getdiklərini bildirib. Senator Cocuq-Mərcanlı kəndindən danışaraq onun tamamilə yer üzərindən silindiyini, amma buna baxmayaraq, öz doğma yurdlarına qayıtmaq istəyən insanların ruh yüksəkliyinə heyran olduğunu diqqətə çatdırıb.

A. Rişar Fransa Senatının prezidentinə münaqişənin həllinə kömək məqsədilə parlament diplomatiyasından istifadə ilə bağlı təklif verdiklərini vurğulayıb. O, ermənilərin Azərbaycanın təkcə Dağlıq Qarabağ regionunu deyil, eyni zamanda, onun ətrafındakı yeddi rayonu da işğal etdiklərini vurğulayıb.

Sonra münsiflər heyətinin üzvləri Əsmər Nərimanbəyova və Jan-Pyer Allali müsabiqənin qaliblərinə mükafatları təqdim ediblər.

Vüqar Quliyevin rəsm əsəri müsabiqənin birinci mükafatına layiq görülüb.

Daha sonra çıxış edən Jan-Pyer Allali sülhün bərqərar olunmasının zəruriliyini bildirib. Yurd-yuvalarından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər bir gün öz doğma torpaqlarına qayıdacaqlar. Ancaq Xocalı qurbanlarnın xatirəsi unudulmamalıdır. Bunun ən yaxşı formalarından biri də məhz TEAS-ın təşəbbüsü ilə belə müsabiqələrin təşkilidir. Sülh bərqərar olduqdan sonra belə bu faciənin qurbanlarının xatirəsi daim anılmalıdır.

O, ikinci mükafatı Mehri Quliyeva-Moqhadama təqdim edib. Üçüncü yerə Andrey Tyrtyşnikovun kiçik heykəli, dördüncü mükafata isə Maya Bağırovanın fotoları layiq görülüb.

Cəbrayıl rayonundan olan Vüqar Quliyev əsərinin fəlsəfi janrda çəkildiyini deyib. Bildirib ki, bu əsər Xocalı faciəsinin çox kiçik bir hissəsini əks etdirir. Faktlar var ki, faciə gecəsi gənc qadın və qızlar düşmənə əsir düşməmək üçün özlərini qayadan atıblar. Amma o əsərdə əks olunan qadın obrazı yer əvəzinə göydə göstərilib. Bununla həmin qadınların düşmənə əsir düşmədiyini, ruhlarının azad olduğunu göstərmək istəmişəm. Buna görə ağ rəngli qadın obrazı göylərə yüksəlir.

Vüqar Quliyev əsərlərini əsasən insan faciəsi, insanın psixoloji halı üzərində qurduğunu bildirib.

Mehri Quliyeva-Moqhadam isə əsərini Xocalı faciəsinin bütün qurbanlarına, xüsusilə də qadın və qızlara həsr etdiyini bildirib. Rəsmdə əsir düşən qadın obrazı və düşmənin qanlı əlləri əks olunub.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin direktoru Mari-Letisiya Qurden qeyd edib ki, əsas məqsəd bu kütləvi qırğından danışmaq, insanlara öz hisslərini ifadə etməyə imkan yaratmaqdır. Müsabiqəyə çoxlu sayda rəsm əsərləri, kiçik heykəllər, fotolar təqdim olunmuşdur ki, münsiflər heyəti bunlardan 16-nı seçib və yalnız 4 əsər mükafata layiq görülüb.

Diaspora.az