Politoloq Zaur Məmmədov: İndiki şəraitdə Azərbaycan üçün güclü diaspora olduqca vacibdir

12:17 | 11.03.2017
765 dəfə oxundu

Tarixən hər bir ölkənin xarici siyasətinin uğurlarında, ölkənin müsbət imicinin qorunub saxlanılmasında xaricdə yaşayan təşkilanmış həmvətənlər mühüm rol oynayıblar.

Hər bir ölkənin xarici siyasətində başlıca bir neçə resurs vardır. Azərbaycanın siyasi, intellektual, demoqrafik, iqtisadi, energetik və coğrafi potensialı onun xarici siyasətinin resursudur. Əgər energetika siyasəti dövlətimizin əsas xarici siyasi resursudursa, xaricdə fəaliyyət göstərən, yaxşı təşkilatlanmış diaspora birlikləri də vacib resurslarımızdan biridir. Beynəlxalq təhlükəsizliyin artırılması və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə Azərbaycanın xarici siyasi fəaliyyətini bundan sonra da optimallaşdırma zərurətinə nəzər salarkən diaspora siyasətinin nə qədər vacib olduğunu başa düşmək heç də çətin deyil.Bu sözləri Diaspora.az-a açıqlamasında Politoloq ,Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyib

Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti gənc dövlətin inkişaf  yolunun üstündə əsas maneə olan və onun milli maraqları üçün təhlükə mənbəyi sayılan Ermənistan – Azərbaycan münaqişəsinin tənzimlənməsidir. Digər münaqişələr kimi bu münaqişədə də tərəflər arasında informasiya müharibəsinin getdiyinin şahidiyik. İnformasiya müharibəsi bəzən səngərdən də vacibdir. Ona görə indiki şəraitdə Azərbaycan üçün güclü diaspora olduqca lazımlıdır.

Cəbhədə sonuncu dəfə vəziyyətin gərginləşdiyi vaxt bir daha şahid olduq ki, xaricdə Azərbaycanı istəməyən, bu müharibədə erməni mövqeyindən çıxış edən, ölkəmiz haqqında dezinforimasiyalara, təxribat materiallarına geniş yer verən kütləvi informasiya vasitələri, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst mətbuat orqanları kifayət qədər çoxdur. Bu səbəbdən indiki vəziyyətdə xaricdə Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin düzgün əks etdirilməsi üçün xaricdəki soydaşlarımız, təşkilatlarımız əsas istiqamətləndirici qüvvədirlər. Xarici dilləri yaxşı bilən tələbə-gənclər sosial şəbəkələrdə daha aktiv olmalı, düşmənin təxribat xarakterli reallığı əks etdirməyən məlumatlarına dəqiq və məntiqli cavab verməlidirlər.

Müstəqil Azərbaycanın tarixində diaspora quruculuğunda Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001 –ci ilin may ayının 23 – də ümumilli lider Heydər Əliyevin sərəncamı əsas rol oynamışdır. Bu bir tarixi proses idi. Cənab prezident İlham Əliyev tərəfindən 2008 ci ilin noyabr ayında  Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması dövlətimizin bu istiqamətə xüsusi diqqət yetirməsinin bariz nümunəsidir.

Bugün demək olar kı, dünyanın əksər ölkələrində Diaspora Komitəsinin dəstəyi ilə Azərbaycan təşkilatları yaradılmışdır. Ümumiyyətlə, olduqca çətin və məsuliyyətli bir məsələ ilə məşqul olan Komitənin xaricdə yaşayan azərbaycanlıların güclənməsindəki rolunu danmaq olmaz. Həmin birliklərin əsas vəzifəsi xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə təşkilatlanmaları, həmin cəmiyyətlərə inteqrasiya olmalarıdır.

Lakin, eyni zamanda qeyd etmək yerinə düşər ki, diaspora siyasəti təkcə yuxarıdan aşağıya, vertikal şəkildə istiqamətlənməməlidir. Bu diaspora sahəsini xarici siyasətimizdəki digər resurslarımızdan fərqləndirən əsas amildir. Hər bir azərbaycanlı getdiyi ölkədə fərdi şəkildə yaşamamalı, xalqımıza aid olan təşkilatlarla əlaqədə olmalıdır. Təəsüflər olsun kı, bəzən oxumaq, işləmək, yaşamaq dalınca xaricə üz tutan nümayəndələrimiz arasında vətənə və dövlətə biganəliyin şahidi oluruq. Bu olduqca utancverici bir haldır.

Təəsssüflər olsun ki, demək olar ki, xaricdəki bəzi təşkilatlarımız pərakəndə şəklində fəaliyyət göstərirlər. Misal üçün, milyonlarla  azərbaycanlıların yaşadığı  Rusiyanın hər şəhərində bir neçə diaspora təşkilatları  fəaliyyət göstərir. Bu isə təbii ki, diasporanın fəaliyyətinə zərbə vurur. Bir şəhərdə bir neçə azərbaycanlı icma birlikləri arasında tez – tez kəskin münaqişələr ortaya çıxır.  Bir çox diaspora təşkilatlarının adı mövcud olur, lakin real işlərlə məşğul olmurlar. Şəxsi maraqları naminə fəaliyyət göstərən bu icmalar vətənimiz üçün təəsüflər ki heç bir iş görmürlər. Mən Rusiyanı misal olaraq çəkdim. Buraya Belorusiya, Ukrayna və s kimi dövlətlərdəki bu sahədəki ümumi vəziyyət də daxildir. Fikrimcə, onlarla profilaktik təlimlər keçirilsə pis olmaz. Diaspora, vətənpərvərlik, dövlətçilik siyasi şüurla, siyasi mədəniyyət ilə bağlı olan məsələlərdir.

Sonda cənab Prezident İlham Əliyevin keçən il qurultayda çıxışından sitat gətirmək istərdim “mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”.

Diaspora.az