Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

13:13 | 09.03.2017
910 dəfə oxundu

Fransanın Akiten bölgəsinin Arkaşon şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, ölkəmizin Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Arkaşonda Novruz bayramına həsr edilmiş “Azərbaycan günləri” çərçivəsində silsilə tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına bildirilib ki, tədbirdən əvvəl Arkaşon şəhərinin meri İv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycanın Dostları Assosiasiyasınin prezidenti, Fransa parlamentinin üzvü Jan Fransua Mansel ilə Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasınin baş katibi Mirvari Fətəliyeva arasında rəsmi görüşlər keçirilib.

Daha sonra şəhərin Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib. Azərbaycan mədəniyyətinə, tarixinə, turizminə həsr edilmiş qısa filmin nümayişi ilə başlayan konfransda Elçin Əmirbəyov “Azərbaycan: ənənələr və müasirlik ölkəsi” mövzusunda çıxış edib. Azərbaycanın tarixi, müstəqilliyi, siyasi-iqtisadi uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda ölkənin rolu, Fransa-Azərbaycan münasibətləri mövzusuna toxunan səfir iştirakçıların suallarını cavablandırıb.

Konfransdan sonra 1919-cu ildə Paris Sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən sənədli film nümayiş etdirilib. Film Bakı Media Mərkəzi tərəfindən çəkilib.

Daha sonra şəhərin Olimpiya teatrında Novruz bayramına, Bakı şəhərinin qədim və müasir abidələrinə, ölkəmizin təbiətinə həsr edilmiş rəsm və fotosərgi nümayiş etdirilib. Sərginin açılışında şəhərin meri İ.Fulon, J.F.Mansel, səfir Ə.Əmirbeyov çıxış ediblər. İ.Fulon 2015-ci ildə Azərbaycana ilk səfəri barədə danışıb, təəssüratlarını bölüşüb. O, Arkaşonda bir ay davam edəcək Azərbaycan günlərinin şəhər sakinlərinə ölkənin mədəniyyəti haqqında dolğun məlumat verəcəyini deyib.

J.F.Mansel Azərbaycanın təbliği ilə bağlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, həyata keçirilən tədbirlərin ölkəmizin zəngin mədəniyyəti və tarixinin tanıdilmasi üçün böyük əhəmiyyətə malik olduğunu bildirib. O, tolerantlığın, multikulturalizmin beşiyi Azərbaycanı Fransada təbliğ etməklə yanaşı, Assosiasiyanın fransızlar üçün Azərbaycana təşkil etdiyi tanışlıq səfərlərindən də danışıb.

Sərgidən sonra teatrın konsert salonunda Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının konserti olub.

Diaspora.az