Nazim İbrahimov: Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rola malikdir

21:45 | 07.03.2017
1.023 dəfə oxundu

Qlobal Bakı Forumu dünyanın demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanıdır. Artıq məlumdur ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də bu Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Bu fikirləri Diaspora.az-a məxsusi müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Nazim İbrahimov qeyd edib ki, ümumiyyətlə siyasi əməkdaşlıq müstəvisində keçirilən hər bir görüş qarşılıqlı münasibətlərin, qlobal anlaşmaların inkişafına xidmət edir. Qlobal Bakı Forumu Azərbaycanın ərazisində müxtəlif ölkələrin siyasi və dövlət xadimlərinin iştirakı ilə keçirildiyindən ölkəmizin digər dövlətlərlə münasibətlərinə təbii ki, öz müsbət təsirini göstərir.

Komitə sədri bildirib ki, bu Forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin, eləcə də regional problemlərin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Bu, Azərbaycanın paytaxtında keçirilən artıq V forumdur və təcrübə göstərir ki, siyasi problemlərin həllində, eləcə də bölgədə gedən proseslərə, regional münaqişələrin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir. Yəni, bu, o deməkdir ki, artıq Azərbaycanın özü dünyada gedən proseslərə və dövlətlərarası münasibətlərə, həmçinin regional münaqişələrə xüsusi təsir göstərən məkana çevrilməkdədir.

Nazim İbrahimov vurğulayıb ki, Azərbaycan bu Forumun təşkilatçılarından olaraq ölkəmizlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə qəbul edilməsini qarşıya məqsəd qoyub. Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Amma təbii ki, Forumda müzakirəyə çıxarılan məsələlər sırasında münaqişələr xüsusi yer tutur və bu müzakirələrdə Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktları, həqiqətləri, münaqişənin həlli yollarını göstərən arqumentləri iştirakçıların diqqətinə çatdırırlar. Çünki Forumda iştirak edən çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlərin əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində rolu olan şəxslərdir. Bu insanlar öz nüfuzundan istifadə edərək beynəlxalq dairələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq imkanları olan ictimai-siyasi xadimlərdir. Bu mənada hesab etmək olar ki, bu Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Bir sözlə, Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb.

Diaspora.az