Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Polşada – FOTOLAR

03:22 | 01.03.2017
1.019 dəfə oxundu

Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Polşada keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

Bu barədə Diaspora.az saytına Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən bildirilib.

Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Azərbaycan nümayəndə heyəti tərkibində Varşavada keçirilən “Gənclər İnsan Hüquqları Naminə” işçi seminarında təşkilatı təmsil edib. Azərbaycan nümayəndə heyəti tərkibində, həmçinin Gəncə şəhər Baş Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov, Şuşa şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Milli Şuranın üzvü olan “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyinin idarə heyətini üzvü Ülvi Əhmədov, “Avropanın Gənc Azərbaycanlı Dostları” Assosiasiyasının sədri Fərahim Əkbərov da iştirak edib.

“Gənclər İnsan Hüquqları Naminə” işçi seminarı Polşa Respublikasının Milli Təhsil Nazirliyi tərəfindən Təhsil Sisteminin İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində insan hüquqlarının təşviqi kontekstində gənclər tərəfindən reallaşdırılacağı nəzərdə tutulan bir sıra fəaliyyət və layihələrin keçirilməsi üçün öhdəliklər götürmək məqsədi ilə təşkil olunmuşdur.

Seminarda rəqəmsal mühitdə insan hüquqları, gənclərin vətəndaş cəmiyyətində, xüsusilə gənclər təşkilatlarında insan hüquqları sahəsində iştirakı və insan hüquqları sahəsində gənclərin fəaliyyətinə dəstək vermək üçün sektorlararası əməkdaşlıq mövzuları müzakirə olunub.

Tədbirdə Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə gənclərin vətəndaş cəmiyyətində, xüsusilə gənclər təşkilatlarının insan hüquqları sahəsində iştirakı mövzusunda işçi qruplarında iştirak edib. Müzakirələrdə gənclərin iştirakçılığı sahəsində Azərbaycan təcrübəsi təqdim olunub. Qeyd edək ki, tədbirin açılış mərasimində Azərbaycanın Vişeqrad Dördlüyü və Şərq tərəfdaşlığı ölkələri arasındakı əməkdaşlıqda iştirakı xüsusi qiymətləndirilib.

Sədr müavini Aysun Zeynalova isə Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının tərəfindən Polşa Gənclər Milli Şurasının fəaliyyətinin yoxlanılmasında iştirak edib. Yoxlama zamanı Aysun Zeynalova Polşa Milli Şurasının fəaliyyəti və İdarə Heyəti, katibliyin işçiləri, dövlət rəsmiləri və MNTK üzvləri ilə tanış olub. Məlumat üçün qeyd edək ki, 18 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Mlli Şirasının sədr müavini Aysun Zeynalova Avropanın ən böyük platforması olan Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib.

Diaspora.az