Niderland diaspor təşkilatları Xocalı qurbanlarının xatirəsini anıb

00:31 | 28.02.2017
721 dəfə oxundu

Niderlandda fəaliyyət göstərən beş diaspora təşkilatı –  “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, “Odlar Yurdu” Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə hazırladığı “Yaşamaq üçün doğulmuşdular!” adlı bədii kompozisiyanın təqdimatı fevralın 26-da ölkənin ikinci böyük şəhəri olan Haaqada baş tutub.

Tədbirə Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Haaqada Xocalı qurbanlarının əziz xatirəsinə qoyulmuş Monumenti ziyarət etməklə start verilib. Daha sonra Valliant teatr binasında “Yaşamaq üçün doğulmuşdular!” kompozisiyası tamaşaçılara təqdim edilib. Tədbirin aparıcıları yazıçı-jurnalist Elnaz Ağaxan və Aydəmir Çətin  Xocalı soyqırımı haqqında qısa məlumat verdikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət Himnləri səsləndirilib. Uşaqların Azərbaycan dilində oxuduğu “Lay-lay Xocalım!” və Holland dilində “Nooit meer oorlog!” (“Heç bir zaman müharibə olmasın!”) şeirlərinin ardınca “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovanın “Bir gecənin sirri” adlı hekayəsi əsasında hazırlanmış səhnəcik nümayiş etdirilib.

Anım tədbirində iştirak edən Xocalı faciəsinin şahidi, anasını o qanlı gecədə itirmiş yazıçı-jurnalist, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı aci xatirələrini bölüşüb. Sonra S.Müslümqızının xatirələri əsasında hazırlanmış “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin müvəqqəti işlər vəkili Aliyə Ağazadə, gecənin təşkilatçıları olan cəmiyyətlətin rəhbərləri çıxış ediblər. Avropa Azərbaycan Dostları Mərkəzinin sədri Leyla Babayeva çıxışında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar rəhbərlik etdiyi təşkilatın 2017-ci ili “Xocalı ili” elan etdiyini və həyata keçiriləcək bütün layihələrin Xocalı faciəsinə həsr olunacağını bildirib. Şəxəşənda diaspor rəhbəri İlhan Aşkının məhkəmə işinə toxunan L.Babayeva bütün azərbaycanlıların və diaspora təşkilatlarının ermənilər tərəfindən məhkəməyə verilən İlhan Aşkına dəstək olduqlarını və haqq işində onu yalnız buraxmayacaqlarını bildirib.

Sonda Xocalı soyqırımı ilə bağlı ölkənin dövlət və hökumət orqanlarına, beynəlxalq təşkilatlara və yerli ictimaiyyətə ünvanlanan qətnamə qəbul edilib. 

Diaspora.az