Vilnüsdə keçirilən tədbirlərdə Xocalı soyqırımının dəhşətlərindən danışılıb

15:01 | 26.02.2017
812 dəfə oxundu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyi bu ölkənin Seymindəki Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrup və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Sarayında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib.

Mərasimdə Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun, dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər də daxil olmaqla 200-dən artıq nümayəndə iştirak edib.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. “Xocalıya ədalət!” kampaniyasının Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayan səfir Xocalı soyqırımını rəsmi olaraq tanıyan ölkələrin sayının hər il artdığını bildirib.

Litva Seyminin insan hüquqları üzrə komitə rəhbəri, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik Xocalı soyqırımının ən qanlı faciələrdən biri olduğunu deyib, bununla bağlı rəhbərlik etdiyi qrupun adından və öz adından Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verib. O, bəşəriyyətə qarşı törədilmiş bütün əməlləri qınadıqlarını qeyd edərək, Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

TEAS-ın Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter 25 il öncə Xocalıda 613 nəfərin, o cümlədən qadın, qoca və uşaqların qəddarcasına qətlə yetirildiyini qeyd edib, bu qətliamı törətmiş cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısametrajlı film nümayiş olunub, musiqi proqramı təqdim edilib.

Tədbirdə qonaqlara Xocalı soyqırımı ilə bağlı Litva dilində nəşr edilmiş bukletlər və fransız bəstəkarı Pyer Tiloyun “Xocalı 613” adlı əsərinin CD diskləri paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

X X X

Litvanın Milli Qan Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş qanvermə aksiyası keçirilib. “Həyat üçün qan” adlı aksiyanın əsas məqsədi Litvada qanazlığından əziyyət çəkən xəstələrə kömək etmək olub. Aksiyada Azərbaycanın bu ölkədəki səfiri, səfirliyin əməkdaşları, azərbaycanlı tələbələr və litvalılar iştirak ediblər.

X X X

Litva Soyqırımı Muzeyində Xocalı qətliamına həsr olunmuş fotosərgi də açılıb. Muzeyin sərgi zalında Xocalı soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub. Fotosərgi iki həftə davam edəcək.

Açılış mərasimində çıxış edən səfir Həsən Məmmədzadə Xocalı soyqırımının XX əsrin ən qanlı səhifələrindən biri olduğunu, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Xocalıda insanlar yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriliblər. H.Məmmədzadə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının vacibliyini qeyd edib. O, Xocalı soyqırımının 10-dan artıq dövlətin parlamenti və ABŞ-ın 20-dən çox ştatı tərəfindən rəsmən tanındığını diqqətə çatdırıb.

Seymdəki Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik Xocalı soyqırımının beynəlxalq səviyyədə lazımınca qiymətləndirilməməsinin təəssüf doğurduğunu qeyd edib.

Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Xocalı hadisələrinin baş verməsində Ermənistanın keçmiş prezidenti Robert Kocaryanı, hazırkı prezident Serj Sarkisyanı, keçmiş müdafiə naziri Seyran Ohanyanı günahlandırıb və o dövrdə erməni hərbi birləşmələrinə rəhbərlik edən prezident S.Sarkisyanın britaniyalı məşhur jurnalist Tomas de Vaala Xocalı faciəsi ilə bağlı verdiyi müsahibəsindən sitatlar gətirib.

Muzeyin tarix idarəsinin rəhbəri Ramune Dryaçünaite ötən əsrin 40-50-ci illərində Muzeyin binasında mindən artıq litvalının güllələndiyini bildirib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin məhz həmin muzeydə yad edilməsinin təsadüfi olmadığını vurğulayıb. R.Dryaçünaite XX əsrdə baş vermiş iki dünya müharibəsindən insanların çox az nəticə çıxardıqlarını, hələ də ərazilərin işğal edildiyini və bunun yekununda dinc əhalinin qırğınlara məruz qaldığını bildirib. O, gələcəkdə Xocalı soyqırımı kimi qanlı faciələrin təkrarlanmaması üçün tarixdən nəticə çıxarmağın zamanının gəldiyini deyib.

Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısametrajlı film nümayiş edilib.

Səfir Həsən Məmmədzadə, həmçinin bu ölkənin televiziya və radio kanallarına Xocalı soyqırımı ilə bağlı müsahibələr verib.

Diaspora.az