Xocalı soyqırımının ildönümü ilə bağlı daha bir etiraz aksiyası Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında keçirilib

14:57 | 26.02.2017
851 dəfə oxundu

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fevralın 24-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Azərbaycan Nyu-York Assosiasiyasının birgə təşkil etdiyi aksiyada Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, şüarlar səslənib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr yerli əhaliyə paylanılıb.

Fevralın 25-də isə Nyu-York Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşlarının, Azərbaycanın ABŞ-dakı səfirliyinin təmsilçilərinin, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif icmaların rəhbərlərinin iştirakı gözlənilir.

Diaspora.az