Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq

12:39 | 23.02.2017
1.052 dəfə oxundu

Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Sumı şəhərində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “Diaspora.az “-ın məlumatına görə, anım mərasimində iştirak edən Sumı vilayətinin qubernatoru, deputatlar, elm və mədəniyyət xadimləri, gənclər, diaspor və media təmsilçiləri Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətindən söz açıb. 25 il bundan öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Xocalı qətliamının 20-ci əsrin ən amansız soyqırım siyasəti olduğunu diqqətə çatdıran fəxri konsul Sumı şəhərinin mərkəzində Xocalı soyqırımı abidəsinin ucaldılması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Belə bir ədalətli qərarın verilməsinə görə sumı vilayət admnistrasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Sonra təbdirə qatılanlar Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində uşaqlara, qadınlara, qocalara və günahsız insanlara qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar. Filmə baxdıqdan sonra həyəcan dolu notlarla çıxış edən Sumı vilayətinin qubernatoru Mikola Kluçko ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğınları insanlığa yönəlik bəşəri cinayət adlandırıb. Aradan 25 il ötməsinə baxmayaraq, dünya birliyinin belə bir amansız qətliama hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib. Xocalı faciəsini Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırım siyasəti adlandıran qubernator belə bir amansız cinayətdə əli olanların beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildirib. Televiziya və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün bir sıra nüfuzlu büynəlxalq təşkilatlara müraciət qəbul olunub