Moldovada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

01:57 | 21.02.2017
822 dəfə oxundu

Moldova Azərbaycanlılar Konqresi və Azərbaycanın Moldovadakı səfirliyi Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Moldova İctimai Palatasının dəstəyi ilə baş tutan tədbirdə Moldova dövlət rəsmiləri, Moldova parlamentinin deputatları, ölkədə akkreditə olunmuş xarici diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, alimlər, politoloqlar, jurnalistlər, tələbə və gənclər iştirak ediblər.

Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.

Tədbiri açan Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov bildirib ki, Ermənistanın torpaqlarımıza məqsədyönlü təcavüzü nəticəsində bir milyon qaçqın və məcburi köçkün doğma torpaqlarından didərgin düşüb.

V.Novruzov torpaqlarımızın geri qaytarılması və ədalətin bərqərar olmasına inandığını və bu istiqamətdə mübarizənin davam etdiriləcəyini vurğulayıb. Əlavə edib ki, ilk növbədə bu faciəni törədənlər cəzalandırılmalı, Xocalı qətliamına siyasi-hüquqi qiymət verilməlidir ki, bələ faciələr gələcəkdə təkrarlanmasın. Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko çıxış edərək bildirib ki, belə faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır.

Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsini Türkiyənin də ağrısı adlandırıb. O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaq. Eyni zamanda, səfir Birinci Dünya müharibəsində olmayan soyqırımı axtaranlara öncə yaxın tarixdə baş vermiş Xocalı faciəsinə diqqət yetirməyi tövsiyə edib.

Moldova Parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropa inteqrasiyası komissiyasının sədr müavini Sergey Stati bildirib ki, Xocalı faciəsi dünya ictimaiyyəti üçün siyasi, millətçi ambisiyaların və işğalçı əməllərin əsl qiymətinin göstəricisidir. “Bizim ölkələri indiyədək həll olunmayan ərazi münaqişələrinin mövcudluğu və yaşanmış müharibələrin dəhşətləri birləşdirir. Və bu hadisələrin nəticəsi hər iki dövlət üçün eynidir: çoxsaylı günahsız qurbanlar”, – deyə deputat qeyd edib.

Bakı Beynəlxalq Multikulturalızm mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə səbəbkarların məsuliyyətə cəlb olunmağının vacibliyini qeyd edib. Eyni zamanda, o Azərbaycan multikulturalizm modelinin dünyanın ayrı-ayrı yerlərində gedən müharibələr və terrorizmə qarşı yeganə alternativ nümunə olduğunu vurğulayıb.

Beynəlxalq əlaqələr üzrə İsrailli ekspert, politoloq və “Ağrı” kitabının müəllifi Arye Qut isə çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yəhudi Azərbaycanda nəinki sığınacaq, Vətən tapıblar. Buna görə Xocalı faciəsinin onun üçün şəxsi faciə olduğunu bildirib.

Diaspora.az