Odessa şəhərinin mərkəzində Azərbaycan parkı və mədəniyyət mərkəzi tikiləcək

02:44 | 01.02.2017
671 dəfə oxundu

Ukraynanın Odessa şəhərinin mərkəzində Azərbaycan parkının və mədəniyyət mərkəzinin tikilməsi üçün birgə işçi qrupun yaradılması məsələsi müzakirə edilib.

Bu müzakirələr Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Odessa vilayətinə səfəri zamanı qubernator Maksim Stepanovla görüşdə aparılıb.

Görüşdə Odessa vilayətinin prokuroru Oleq Juçenko, vilayət vergilər inspeksiyasının rəhbəri İqor Sinqayevski, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Azərbaycan Dəmir Yolları QSC-nin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev iştirak ediblər.

Söhbət zamanı Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən danışan Maksim Stepanov Ukraynanın əsas liman şəhəri olan Odessanın ictimai, siyasi, sosial, iqtisadi həyatı barədə ətraflı məlumat verib. Qubernator Azərbaycanla rəhbərlik etdiyi vilayət arasında regional iqtisadi, ticari, elmi, mədəni əlaqələrin inkişafına xüsusi maraq göstərdiyini vurğulayıb. Bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirib.

Azərbaycanı Şərqlə Qərbin əsas ticarət qapısı adlandıran M.Stepanov Ukrayna və Şərqi Avropada istehsal olunan məhsulların İpək yolu vasitəsilə Asiyaya ixrac edilməsində Azərbaycanın əsas tranzit ölkələrdən biri olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən sosial, iqtisadi layihələr haqqında məlumat verən səfir Azər Xudiyev ölkələrimizin əsas liman şəhərləri sayılan Bakı ilə Odessanın gəmiqayırma və digər sənaye müəssisələri arasında səmərəli işbirliyinin qurulmasının vacibliyini bildirib.

Söhbət zamanı qeyd edilib ki, Odessa şəhərinin mərkəzində Azərbaycan parkının tikilməsi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin növbəti təntənəsinə çevriləcək.

Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında danışan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Odessada yaşayan soydaşlarımızın vilayətin ictimai, siyasi, sosial, mədəni həyatında yaxından iştirak etdiklərini diqqətə çatdırıb.

Diaspora.az