Azərbaycanlı gənc Avstraliyada elmi jurnalın baş redaktoru seçilib

11:40 | 06.09.2016
10.250 dəfə oxundu

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə təhsil alan İlkin Əliyev bu ali məktəbin “The Toad” jurnalına əsas redaktor seçilib.

“The Toad” Avstraliya Milli Universitetinin çoxsahəli akademik nəşri kimi davamlı olaraq dərc ediləcək. Jurnalın həm Avstraliya Milli Kitabxanasında, həm də Milli Universitetin kitabxanasında saxlanılması nəzərdə tutulur.

Ümumilikdə 180 səhifədən ibarət olacaq jurnalda magistr və doktorantların, eyni zamanda, digər əlaqəli şəxslərin yalnız xüsusi tələblərə cavab verən çoxsahəli akademik məqalələri yer alacaq.

İlkin Əliyev Diaspora.az saytına bildirib ki , jurnalın gələcək saylarında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ reallıqları haqqında elmi yazılar dərc olunmasına də xüsusi önəm verəcək.

Nail Əhməd