Diasporumuzun informasiya kommunikasiya istəkləri-ARAŞDIRMA

23:24 | 30.07.2016
1.692 dəfə oxundu

Palitranews.az saytı İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) diaspora işində oynadığı rola, bu sahəyə verə biləcəyi töhfəyə aid maraqlı araşdırma hazırlayıb.

 

Diaspora.az həmin araşdırmanı təqdim edir:

 

“İKT-nin imkanlarından geniş istifadə edərək diaspor təşkilatlarını bir “çətir” altında birləşdirmək mümkündür”

 

Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi diaspor quruculuğu işinin keyfiyyətcə təkmilləşdirilməsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması mexanizmlərinin müasirləşdirilməsi məqsədlərinə xidmət edir. İnformasiya kommunikasiya texnologiyalarının ictimai həyata təsir imkanlarının yüksələn xətlə inkişafı diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin daha geniş miqyasda tətbiqini zərurətə çevirir. Bu sahədə Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Müasir İKT-nin imkanlarından istifadə etməklə dünya azərbaycanlıları arasında iki və çoxtərəfli əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, azərbaycanlıların intellektual potensialının ümummilli mənafelərin reallaşdırılması üçün səfərbər edilib.
Belə bir vəziyyətdə maraqldır ki, soydaşlarımız diaspor siyasətinin həyata keçirilməsi işində İKT-dən nə kimi yararlana bilirlər? Nyu-York Amerika-Azərbaycan Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova bizimlə söhbətində dedi ki, diaspor işində və ümumiyyətlə, dünya azərbaycanlılarının fəaliyyətinin ictimaiyyətə çatdırılması məsələsində İKT-nin rolu danılmazdır:

“Müasir dövrdə bütün sahələrdə İKT-dən maksimum istifadə olunmalıdır. Mənim fikrimcə, diasporumuzun fəaliyyətində İKT-nin işi hələ də istənilən səviyyədə inkişaf etməyib. Birmənalı şəkildə hal-hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun bir mərkəzdən idarə olunan internet şəbəkəsinə, TV və ya müxtəlif saytlara ehtiyacı var. Vətəndə keçirilən qurultay, forum və digər tədbirlərdə iştirak edən diaspor nümayəndələri sonradan müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır və bir-birlərinin fəaliyyətindən, az da olsa, xəbərdar olur. Halbuki bu fəaliyyətləri daha geniş təbliğ etmək olar və müxtəlif ölkələrdə yaşayıb fəaliyyət göstərən diaspor təşkilatları bir-birlərinin təcrübəsindən istifadə etmək imkanı əldə etmiş olar”.

M.Vahabovanın fikrincə, İKT-nin imkanlarından geniş istifadə edərək diaspor təşkilatlarını bir “çətir” altında birləşdirmək mümkündür. O təklif edir ki, internet TV və ya radio yaradaraq müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor liderlərini və üzvlərini bir araya gətirmək və təcrübə mübadiləsi keçirmək olar.

 

“Facebook”dan başqa, digər sosial şəbəkələrdə diasporumuzun fəallığı hiss olunacaq səviyyədə deyil”

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevaya görə, Azərbaycanın təbliği və tanınması istiqamətində internetdən istifadə olunması vacib amildir. İnternetin minlərlə xidmət və imkanları olduğunu deyən N.Hacıyevanın fikrincə, diasporumuz Azərbaycanın tanınması istiqamətində bunlardan istifadə etməlidir. Onun sözlərinə görə, internetin daha faydalı istiqamətləri üzə çıxarılmalıdır: “Həmçinin diaspor təşkilatları özlərinin saytlarının yaradılması işini aktivləşdirməlidirlər. Bu saytlar da şəbəkələşməlidir. O saytların kataloqu olmalıdır ki, diasporla məşğul olan insanlar üçün ələçatan olsun”.
Diasporumuzun sosial şəbəkələrdən istifadəsinə gəlincə, N.Hacıyeva bildirdi ki, diaspor təşkilatlarımız sosial şəbəkələrin imkanlarından səmərəli istifadə etməlidirlər: “Bildiyimiz kimi, hazırda ən aktiv virtual təbliğat formalarından biri də sosial şəbəkələrdir. Ancaq, məncə, indiki zamanda bu baxımdan diasporumuzun fəaliyyəti qənaətbəxş deyil. Diaspor üzvlərimiz, əsasən, “Facebook”da cəmləşiblər. Digər sosial şəbəkələrdə Azərbaycan diasporunun fəallığı hiss olunacaq səviyyədə deyil”.

 

“Biz İKT-dən istifadə etməklə informasiya müharibəsi müstəvisində böyük uğurlar əldə edə bilərik”

Küveytdəki Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə isə dedi ki, bütün dünyada yaşayan Azərbaycan diaspor üzvləri öncəki illərə nisbətən indi İKT-dən daha çox istifadə edirlər: “Lakin bu irəliləyiş heç də kifayət deyil. İnformasiya texnologiyalarından bacardığımız qədər çox istifadə etməliyik”.
K.Hacızadə bildirdi ki, informasiya kommunikasiya dedikdə təkcə elektron qəzet və ya jurnallarla kifayətlənmək lazım deyil: “Xaricdəki televiziya və radio, eləcə də portallar vasitəsi ilə Azərbaycanın Dağlıq Qarabağ məsələsini, ermənilərin həyasızcasına torpaqlarımızı zəbt etməsini dünya ictimaiyyətinə, o cümlədən yaşadığımız ölkənin vətəndaşlarına, dövlət orqanlarına çatdırmağımız gərəkdir. Diaspor əllərində olan bütün resurslardan kifayət qədər istifadə etməlidir. Xüsusən informasiya savaşına hər zaman hazır olmalıyıq. Bu savaşda da hazırda əsas silah İKT vasitələridir. Diaspor üzvləri informasiya müharibəsində ən öndə gedən qüvvədir. Biz İKT-dən istifadə etməklə informasiya müharibəsi müstəvisində böyük uğurlar əldə edə bilərik”.

 

“Diaspor işində və təbliğatda İKT-nin rolu əvəzedilməzdir”

 

Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Kanadadakı soydaşlarımız da aktiv diaspor fəaliyyəti göstərirlər. Soydaşlarımız bu işi sosial şəbəkələrdə də davam etdirirlər. Rəna Müslümova da Kanadadakı fəal həmyerlilərimizdəndir. O, “Facebook”da yaratdığı “Azerbaijanis in Canada” qrupunda Kanadadakı soydaşlarımızı virtul olaraq bir araya gətirməyi hədəfləyib: “Bu qrupu yaratmaqda məqsədim Kanadanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir araya gətirməkdir. Onların Kanadaya gəldiyi gündən fəaliyyətlərindəki uğurları daha çox adam görsün istədim və zaman-zaman buna nail oluram. Əsasən, Monreala yaxın Ottava və Toronto şəhərlərinə planlaşdırılan tədbirlər haqqında informasiyaları qrupda paylaşıram və artıq baş vermiş tədbirlərdən foto və video görüntüləri qrupda paylaşıram. Eynilə Kanadaya miqrasiya etmək istəyən bir çox soydaşlarımız üçün Kanadada yaşam, təhsil, səhiyyə və digər sahələr haqqında informasiyaları paylaşıram və tək Kanada haqqında yox, bu gün vətənimizdə baş verənlər haqqında da paylaşımlarım olur. Həmçinin burada yaşayan soydaşlarımıza söyləmişəm ki, siz biznes sahənizi bu qrupda reklam edə bilərsiniz. Məqsədim odur ki, əslində, diaspor fəaliyyəti üçün Azərbaycan adına iş görən insanları hamı tanısın. Əksəriyyəti daha çox iş görməsinə, vaxtını, əməyini və əsasən də madiyyatını sərf etməsinə baxmayaraq, kölgədə qalır. Bu da mənim üçün qəbuledilməzdir. İndi onlardan izin almamışam deyə, adlarını deyə bilməyəcəm. Amma vaxtaşırı bu insanların zəhmətini və fəaliyyətini qrupda paylaşıb, daha çox insanların tanımasına nail oluram”.
R.Müslümova bildirdi ki, diaspor işində və təbliğatda informasiya kommunikasiya texnologiyalarının rolu əvəzedilməzdir: “Bu gün belə inkişaf olmasaydı biz hansı vəziyyətlə qarşılaşardıq, təsəvvür etmək çətindir. İKT dünyaya açılan pəncərədir. Öz pəncərəndən sənə açıq olan bütün pəncərələri görürsən. Orda nələr baş verir bilirsən, dostların uğurlarına sevinirsən, öz uğurlarını dostlarla paylaşırsan. Bu, çox gözəldir. Bu, internetdən faydalı istifadə etməkdir. Düzdür, bəzən vaxtımızı alır, yuxu rejimimizi pozur, amma müsbət tərəfləri bu halları üstələyir”.

 

 

Diaspora.az