Nobel mükafatı almış ilk və tək azərbaycanlı

15:07 | 13.10.2015
10.831 dəfə oxundu

Azərbaycan cəmiyyətində bu insan haqqında o qədər də maraqlanmırlar. O, Şərq mənəviyyatlı Qərb təfəkkürlü bir insan olmaqla bir növ Azərbaycan düşüncəsini özündə əks etdirib. Çünki Azərbaycan da Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşdiyindən birinin fəlsəfəsini, mənəviyyatını, o birinin isə məntiq və düşüncəsini daşıyıb.

Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatlarında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.
Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi–riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Ondan sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır. Ordan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kömpüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.
1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.
1992-ci ildən is həyatı Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxaql Agentlikdə çalışır.

Avstriyaya aparan yollar

Qeyd edəki ki, Bəxtiyar Siracov 17 ildir ki, Beynəlxaq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir. O hələlik orda çalışan yeganə həmvətənimizdir. Onun barəsində cəmi bir proqram hazırlanıb. Xəzər televiziyasının “Vətənimdir Azərbaycan” layihəsinin ilk qəhrəmanlarından olan alim onu Avstriyaya aparan yollar haqqında bunları deyib:

“Moskvadakı rəhbərim Viktor Qryabinə çox minətdaram. Onun sayəsində informatika elminin sirlərinə yiyələnmişəm. O məni 1992-ci ildə Vyanaya dəvət etdi. Özü o zaman MAGATE-də çalışırdı. 3 il onun rəhbərliyi altında çalışdım. Sonrada özüm bəxtimi sınamaq üüçn MAGATE-yə işə düzəlmək üçün ərizə verdim. Görünür qismət imiş, 1995-ci ilin may ayında mən Bakıda idim və zəng vurub dedilər ki, sizi işə qəbul etmişik. İyun ayında yenidən ora döndüm”.

Nüfuzlu alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir.

Bu yollarda Nobel…

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.

2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür. Bu barədə alimin öz fikirləri də maraqlıdır:

“Bizim təşkilatın dünyada sülhün təmin olunmasında əvəzsiz rolu var və bu rol da 2005-ci ildə Nobelin verilməsi ilə nəticələndi. Beynəlxalq Nobel Komissiyası bizim işimizi dəyərləndirib və Nobel Sülh mükafatı ilə təltif edib. O mükafat bizə də şamil edilir. Siyahı uzundur. Çünki hamımız sülh prosesinin qorunmasında çox zəhmət çəkmişik. Mən də fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var. O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması təbii ki, mənim üçün bir qürurdur”.

Azərbaycan və Bəxtiyar Siracov

Elmin vətəni olmur deyirlər. Çünki elm özü-özülüyündə bəşəriyyətə xidmətdir. Ancaq alim heç vaxt öz mənsub olduğu milləti, “çıxdığı qını” unuda bilmir. Elmə, yəni bəşəri düşüncəyə xidmət etsə də, ruhu həmişə anadan olduğu vətənlə bağlı olur. Bəxtiyar Siracov üçün də Azərbaycan bu anlamı daşıyır.:

“Vətənlə bağlılığım daim olub. Mən həmişə azərbaycanlı kimi yaşamışam. Azərbaycanlı kimi hərəkət etmişəm. Burda da ölkəmizin səfirliyi, diaspor ilə əlaqələrimiz var və mədəni tədbirlərə gedirəm. Görkəmli sənətkarlarımız burda konsert verir və mən də iştirak edirəm. Yoldaşlarla görüşür, Azərbaycanla bağlı məsələləri müzakirə edirik. İki ildən bir də özüm vətənə gedir, qohumlarla görüşürəm”

Amma narazı olduğu məqamlar da var…

“17 ildir ki mən burdayam amma hələ də görməmişəm ki, Azərbaycandan ərizə verib burda işləməyə gələnlər olsun. Burda çox böyük imkanlar var. Həmyerlilərimiz də bundan istifadə etsələr, yaxşı olar”.

“Azərbaycan pasportu hələ də cibimdədi”

“Vətənə bağlılıq bizim qanımızdadır. Bu, doğulduğumuz gündən bizə verilən tərbiyədən irəli gəlir. Hara getsək,Azərbaycan ürəyimizdədir. Mən 17 ildir burdayam, amma hələ də Azərbaycan vətəndaşıyam, pasportumu saxlamışam. Mən evdə xüsusi antenna qurmusam ki, Azərbaycan TV-lərini tuta bilim. Televiziyaya böyük zövqlə baxıram”.

Həmişə baxdığı heykəl

Vyananın mərkəzi parklarının birində Azərbaycan səfirliyi tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi qoyulub. Məhz, bu səbəbdən yorucu iş gününün sonunda alim hər dəfə o parka gedərək abidəyə baxır. Söhbətlərində qeyd edir ki, hər dəfə Avstriya vətəndaşları bu heykəlin yanından keçərkən, ayaq saxlayıb bəstəkar haqında məlumatları oxuyurlar.
”Bu məni çox sevindirir”.
Evindəki pianoda da çox vaxt Üzeyirin bəstələrini ifa edir. Həmçinin Agentlik tərəfindən Nobelin ona şamil olunduğunu bildirən diplom da o pianonun üzərindədir.