Türkiyədə erməni uydurmalarından bəhs edən kitab nəşr olunub

22:15 | 5 Yanvar, 2022

Türkiyədə azərbaycanlı jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Erməni uydurmalarından yaranan bəşəri cinayətlər: dünəni və bu günü” (“Ermeni Uydurmalarından Doğan Beşerî Cinayetler: Dün ve Bugünü”) adlı elmi əsəri çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə “BENGÜ” Yayın Evində nəfis tərtibat və yüksək poliqrafiya ilə türk dilində çap olunan 276 səhifəlik kitabda toplanan bütün faktlar və məntiqi mülahizələr erməni millətçilərinin dünyanı əhatə edən mütəşəkkil cinayətlərini, Ermənistan hakimiyyətlərinin bu cinayətləri dəstəklədiyini, dünyadakı ikili standartlar səbəbindən cani ermənilərin cəzasız qalaraq daha da həvəsləndiyinə dair gerçəkləri əks etdirib.

Türkdilli ictimaiyyətə təqdim olunan kitabda “Dənizdən-dənizə Böyük Ermənistan” uydurma ideologiyasının mahiyyətinə aydınlıq gətirilib, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı və terrorçu siyasət barədə dəqiq faktlar oxuculara təqdim edilib. Əsərdə həmçinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı rəşadətli qələbə barədə də oxuculara məlumat verilib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisındə törətdiyi hərbi və bəşəri cinayətləri əks etdirən fotolar təqdim edilib.

Qeyd edək ki, kitabın müəllifi S.Şahtaxtı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Türkiyə bürosunun rəhbəridir.