Səfir Faiq Quliyev Bolnisi rayonunda yaşayan 101 yaşlı ağsaqqal həmyerlimizi ziyarət edib

20:16 | 31 Dekabr, 2021

30 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndində anadan olmuş və orada yaşayan 101 yaşlı ağsaqqal soydaşımız, tanınmış ziyalı, şair-jurnalist Dünyamalı Kərəmi evində ziyarət etmişdir.
Qeyd edilməlidir ki, müxtəlif dövrlərdə Gürcüstanda yayımlanan “Yeni fikir”, “Sovet kəndi”, “Sovet Gürcüstanı” və digər mətbu orqanlarda məsul vəzifələrdə çalışan D.Kərəm sanballı publisistik yazıları və poetik yaradıcılığı ilə yanaşı, həm də düzgünlüyü, ədalətli mövqeyi ilə də insanların rəğbətini qazanmışdır. Bir neçə şeir kitabının müəllifi olan D.Kərəm məhsuldar bədii yaradıcılığına və peşə fəaliyyətinə görə 1979-cu ildə Gürcüstan SSR-nin “Əməkdar jurnalisti” fəxri adına və 2000-ci ildə Gürcüstanın “Şərəf” ordeninə layiq görülmüşdür.
Görüş zamanı D.Kərəm keşməkeşli həyatından maraqlı xatirələri ilə bölüşmüş, səfirə öz imzası şeir kitabını hədiyyə etmişdir. Səfir F.Quliyev öz növbəsində şair D.Kərəmə hədiyyəsinə, maraqlı və ibrətamiz söhbətinə görə təşəkkürünü bildirərək, ona möhkəm can sağlığı, uzun ömür arzulamış, onun timsalında bütün soydaşlarımızı, xüsusilə ağsaqqal və ağbirçəklərimizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir.