Moskvada Azərbaycan nağılları sərgisinin açılışı olub

21:27 | 29 Dekabr, 2021

Yeni il öncəsi Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan nağılları sərgisinin təntənəli açılış mərasimi olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbirin təşkilatçısı pavilyonun rəhbərliyidir.

Tədbirin balaca qonaqları və onların valideynləri Azərbaycan nağıllarının Cırtdan, Tıq-Tıq xanım, Div, Məlikməmməd və s. kimi personajları ilə tanış olublar.

Pavilyonun direktoru Səadət Qədirova Heydər Əliyev Fondunun çap etdirdiyi “Azərbaycan xalq nağılları” kitabının təqdim edildiyini bildirib. Layihənin rəhbəri fondun vitse-prezidenti Leyla Əliyevadır.

Qədirovanın sözlərinə görə, fondun rus dilinə və Azərbaycan şifahi xalq ədəbiyyatına belə böyük diqqət ayırması çox vacibdir.

Tədbir çərçivəsində uşaqlar üçün hədiyyəli viktorinalar, milli yeməklərin dequstasiyası keçirilib, mahnılar ifa edilib, rəqslər nümayiş olunub.