Azərbaycan diasporunun Britaniya və Fransadakı tədbirləri təxirə salındı

18:03 | 20 Mart, 2020

Böyük Britaniyanın paytaxtı London şəhərində Novruz bayramı şənlikləri təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb ölkədə koronavirusun kütləvi şəkildə yayılmasıdır.

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 1 000 nəfərə yaxındır. Mütəxəssislərin fikrincə isə, bu rəqəm 5 000 ilə 10 000arasındadır. Ölkədə 21 nəfər virusun qurbanı olub.

Bundan başqa, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək bütün tədbirlər də koronavirus səbəbindən təxirə salınıb.

Hazırda Fransada infeksiyaya yoluxanların ümumi sayı 5 423-ə, ölənlərin sayı isə 127-yə çatıb. Ölkədə epidemiyanın üçüncü mərhələsinə keçid elan edilib. Dünəndən etibarən ölkədə restoranlar, kafelər, kinoteatrlar, idman zalları, kitabxanalar, yemək məmulatlarından başqa, digər kommersiya məntəqələri və digər ictimai yerlərin fəaliyyəti aprelin 15-nə kimi dayandırılıb. Bu gündən isə bağça, məktəb və ali təhsil ocaqları bağlanıb. Sabahdan ölkədə fövqəladə vəziyyətin elan olunacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.