“Azərbaycan ədalətli sülh istəyir” – Əhməd Şahidov Şotlandiyada beynəlxalq konfransda çıxış edib

05:35 | 30 Noyabr, 2019

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Noyabrın 29-da Şotlandiyanın Edinburq şəhərində keçirilən beynəlxalq konfransda çıxış edib. “Conscience” cəmiyyətinin təşkil etdiyi beynəlxalq konfransda çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov dünyada sülhün bərqərar olması üçün yeni yanaşmaların tətbiq edilməsinin zəruriliyini vurğulayıb, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiq edilməsinin vacibliyini qeyd edib və Azərbaycanın üzləşdiyi müharibənin acı fəsadlarından danışıb.

Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Əhməd Şahidov Azərbaycanın 20 faiz torpaqlarının itirilməsini qeyd edib, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, habelə azərbaycanlı əsir və girovlarla bağlı məlumat verib.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 məlum qətnaməsinin hələ də həyəta keçirilmədiyini diqqətə çatdıran hüquq müdafiəçisi Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olduğunu və bu səbəbdən də rəsmi Londonun üzərinə müəyyən məsuliyyət düşdüyünü açıq şəkildə ifadə edib.