Fuad Muradov Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb

16:19 | 28 Noyabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb.

“Report”un Rusiya bürosunun məlumatına görə, Moskvada keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

İ.Umaxanov bildirib ki, bu cür görüşlər iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafından xəbər verir: “Həm Rusiyada, həm də Azərbaycanda icmalar üçün hərtərəfli şərait yaradılmalıdır”.

Öz növbəsində, F.Muradov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladıb, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, Rusiya Federasiyasında azərbaycanlıların bütün sahələrdə təmsil olunduğunu qeyd edərək Azərbaycan diasporunun üzləşdiyi problemlərdən də söhbət açıb.

Qeyd edək ki, F.Muradovun Rusiyaya səfər çərçivəsində Azərbaycan diasporunun nümayəndələri ilə də görüşü planlaşdırılır.