İcma sədri: “Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin faydası var”

12:47 | 26 Noyabr, 2019

“Erməni jurnalistlər Bakı, Gəncə və Quba şəhərlərinə səfər ediblər. Onlar Azərbaycanda müxtəlif qurumlarla, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər”.

APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, erməni jurnalistlər “ASAN xidmət “və DOST mərkəzlərində də olublar, Bakının mərkəzində yerləşən erməni kilsəsi, orada saxlanılan ermənidilli kitablarla tanış olublar, ölkədə həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar.

“Eyni zamanda bizim jurnalistlər də İrəvana və işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər. Orada erməni icmasının nümayəndələri ilə görüşlər keçiriblər. Hesab edirik ki, bu kimi səfərlər bizim də hər zaman təşviq etdiyimiz, dəstəklədiyimiz icmalararası dialoq, birgə sülh şəraitində dinc yaşamaq üçün vacibdir. Bu cür səfərlər gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində iki icmanın sülh şəraitində yaşamasına önəmli təsir göstərməlidir və göstərəcək. Çünki biz erməni icması ilə yaşamağa hazır olduğumuz bəyan etmişik. Hesab edirik ki, bu görüşlərin faydası var. Bu səfərlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizim öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək”, – deyə T. Gəncəliyev qeyd edib.

Zümrüd Paşkin