“Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açır” – Əlabbas Məhərrəmli

12:42 | 26 Noyabr, 2019

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaqla bərabər, özlüyündə çox mühüm siyasi mahiyyət daşıyan hadisədir. Eyni zamanda, səhv etmirəmsə, bu, Mehriban Əliyevanın Birinci vitse-prezident statusunda hər hansı xarici ölkəyə ilk rəsmi səfəridir.

Bu ölkənin Rusiya olması isə əlbəttə ki, səbəbsiz deyil. Şimal qonşumuz regionun əsas dövləti olmaqla yanaşı, qlobal siyasətin əsas oyunçularından biri, həmçinin Qarabağ münaqişəsinin “həll açarı”nı özündə saxlayan dövlətdir. O baxımdan, Rusiya ilə münasibətlərin normal vəziyyətdə saxlanılması və inkişaf etdirilməsi, siyasi-iqtisadi-mədəni sahələrdə əlaqələrin genişləndirilməsi vacibdir.

Mehriban Əliyevanın Moskvada yüksək səviyyədə qarşılanması, Rusiyanın prezidenti və baş naziri ilə görüşü, bu ölkənin yüksək mükafatına layiq görülməsi Rusiyanın da qarşılıqlı münasibətlərin inkişafında maraqlı olduğunu göstərir.

Açıq demək lazımdır ki, Mehriban Əliyevanın Moskvaya səfərinin Azərbaycanda həyata keçirilmiş çox ciddi kadr dəyişikliklərindən sonraya təsadüf etməsi bu səfərin əhəmiyyətini artırır. Rusiya rəhbərliyinin bu səfərə böyük önəm verdiyini təsdiqləyən davranışları isə qarşılıqlı münasibətlərin daha da inkişaf etdiriləcəyinə qəti qənaət yaradır”.

Politoloq Əlabbas Məhərrəmli