Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkədir

14:19 | 25 Noyabr, 2019

Bu ilin III rübündə Gürcüstandan Azərbaycana edilən səfərlərin sayı 122,2 min təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İyul-sentyabr aylarında Azərbaycana edilən səfərlər Gürcüstan vətəndaşlarının xarici səfərlərinin 16,8%-nə bərabər olub.

Azərbaycan qonşu ölkə vətəndaşlarının ən çox üz tutduğu ikinci ölkə olub. Birinci yerdə Türkiyə (350,5 min səfər), üçüncü yerdə isə Ermənistan (səfərlərin 10,6%-i) qərarlaşıb.

Hesabat dövründə Gürcüstan vətəndaşlarının xarici ölkələrə səfərlərinin ümumi sayı 1 milyona bərabər olub. Səfərlərin 43,4%-i 31-50 yaş qrupuna daxil olan şəxslərin payına düşüb. Turist səfərlərinin 95%-i təkrar səfər olub.

Səfərlərin 34,9%-i dost və ya qohumları ziyarət, 29,6%-i alış-veriş, 18%-i biznes, 12,8%-i istirahət, 2,9%-i müalicə, 1,8%-i isə digər məqsədlərlə həyata keçirilib. Ölkə xaricində orta gecələmə müddəti 4,5 güntəşkil edib. Xarici ölkələrə gedən Gürcüstan vətəndaşlarının 45,1%-i səfərdən çox məmnun qalıb.