Azərbaycanın Alban-Udin xristian icmasının sədri Kiyevdə beynəlxalq konfransda çıxış edib

18:53 | 21 Noyabr, 2019

Kiyev Pravoslav İlahiyyat Akademiyasında “Ukraynada pravoslavlıq” mövzusunda IX beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda pravoslav kilsələrinin nümayəndələri, dini liderlər, Ukraynanın elmi mərkəzlərinin ilahiyyatçı alimləri, ali məktəb müəllimləri, aspirant və magistrlər, həmçinin müxtəlif ölkələrdən gəlmiş alim və din xadimləri iştirak ediblər.

Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Azərbaycanın Alban-Udin xristian icmasının sədri Robert Mobili konfransda “Azərbaycanda Alban (Qafqaz) Apostol kilsəsinin dirçəlişi” mövzusunda məruzə ilə çıxış edib.

Konfransın ikinci, “Kilsə tarixi” bölməsində Alban Apostol kilsəsinin udin məbədləri, onların çətin taleyi, şərqi xristianlığın dirçəldilməsi, bu icmanın dini həyatı, alban yazısından latın əlifbasınadək mərhələ, udinlərin ayinləri və adət-ənənələri haqqında slaydlarla məruzə təqdim edilib. Məruzəçi udinlərin kompakt yaşadıqları yerlərdə hazırkı şəraitdən danışaraq qeyd edib ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra respublikada alban kilsələrinin bərpası, “Udin ocağı” etnoqrafiya muzeyinin tikintisi, udinlərin kompakt yaşadıqları yerlərdə onların öz dillərində təhsil alması, dini ədəbiyyatın, o cümlədən İncilin müasir udin dilində nəşri üzrə işlərə başlanılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev