Türkiyədə fəaliyyət göstərən “GİM AZDER” və “GİM ULSİAD” dərnəkləri Azərbaycanla bağlı bir sıra layihələr həyata keçirir

22:44 | 20 Noyabr, 2019

Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən “GİM AZDER” və “GİM ULSİAD” dərnəkləri yarandığı qısa müddət ərzində mühüm layihələr həyata keçirməyə başlayıb.
Dərnəyin təsisçisi və sədri Hüseyn Vəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, belə layihələrdən biri də ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq start verilən ağacəkmə kampaniyasıdır.
Hüseyn Vəliyev qeyd edib ki, dərnəklərin həyata keçirdiyi layihələr çərçivəsində Bursada yaşayan bütün azərbaycanlıları bir araya toplamaq mümkün olacaq. Bununla yanaşı, qardaş Türkiyənin vətəndaşları ilə çiyin-çiyinə fəaliyyət göstərmək imkanı yaranacaq.
Qeyd edilib ki, bu il oktyabrın 29-da fəaliyyətə başlamış dərnəklərin əsas məqsədi Azərbaycanın elm, mədəniyyət, ictimai-siyasi xadimləri ilə bağlı Türkiyə ictimaiyyətinə geniş məlumat verməkdir.