Türkiyədə Əhməd Ağaoğlu haqda sənədli film çəkilib

20:59 | 19 Noyabr, 2019

Azərbaycan və Türkiyənin ictimai xadimi, siyasətçi, yazıçı, jurnalist Əhməd Ağaoğlu haqqında qısa sənədli film çəkilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, sənədli film Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyi münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi və “Anadolu” informasiya agentliyi tərəfindən birgə hazırlanıb.

“Əhməd Ağaoğlu: Türk dünyasının mübarizəsinə həsr olunmuş ömür” adlı sənədli filmdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Əhməd Ağaoğlunun adını daşıyan nəvəsi və türkiyəli alim Mehmet Ufuk Özcanın fikirləri yer alıb.

Sənədli film bu gün Ankara Universitetinin hüquq fakültəsi tərəfindən keçirilən “Ortaq dəyərimiz – Əhməd Ağaoğlu” adlı konfransda nümayiş olunub.

Qeyd edək ki, Əhməd Ağaoğlu 1869-cu ildə Şuşada anadan olub.

“Kaspi” qəzetində məqalələr yazan Ə. Ağaoğlu Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə də redaktorluq edib.

O, 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olub. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur. Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik edib, “Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru olub, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub.

Ə. Ağaoğlu 1939-cu ildə İstanbulda vəfat edib.