İtaliya Azərbaycanın meyvə-tərəvəz məhsullarını almaqda maraqlıdır

16:34 | 19 Noyabr, 2019

İtaliyanın meyvə və tərəvəz istehsalçısı, idxalatçısı və ixracatçısı sayılan “Macfrut”şirkəti Cənubi Qafqazda bazarını genişləndirmək niyyətindədir və bu məqsədlə regiona səfərlər təşkil edib.

AZƏRTAC xəbər verir ki, səfərlərin son dayanacağı olaraq Azərbaycana gələn şirkət təmsilçiləri müxtəlif iş adamları ilə görüşərək təkliflərini bildiriblər. Missiyanın rəhbəri Renço Piraççini deyib ki, Azərbaycanın orqanik əsaslarla yetişdirilmiş meyvə və tərəvəzləri İtaliya alıcısına maraqlıdır. Ölkədə ildə 2,8 milyon ton meyvə istehsal olunur ki, bunun da 576 mini xaricə satılır. Həmçinin torpaqlarımızda yetişdirilən kartof, pomidor, alma, nar, həmçinin gilənar şirəsi İtaliya bazarlarında alıcı tapmağa hazırdır.

“Macfrut” da region ölkələri ilə təcrübələrini bölüşməyə hazır olduğunu ifadə edib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma