Moskva hipermarketlərinin birində “Azərbaycanın sovqatları” stendi açılıb

13:08 | 18 Noyabr, 2019

Moskvadakı “Tvoy dom” hipermarketində “Azərbaycanın sovqatları” stendi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Kuntsevo rayonundakı “Veqas” ticarət-əyləncə kompleksində yerləşən “Tvoy dom” hipermarketindəki “Azərbaycan sovqatları” stendi Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə açılıb.

Stenddə “Made in Azerbaijan” brendi ilə məhsullar təqdim olunur.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin rəhbəri Ruslan Əliyev çıxış edərək, Azərbaycan məhsullarının irəlilədilməsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın bir çox ölkələrində “Made in Azerbaijan” brendi ilə ticarət evləri yaradıldığını söyləyib. O, ticarət evinin fəaliyyət istiqamətlərindən biri “Azərbaycan sovqatları” brendi ilə konseptual mağazalar açmaqdır. Moskvadakı digər “Tvoy dom” hipermarketlərində də “Azərbaycan sovqatları” stendini açmağı planlaşdırırıq”.

“Tvoy dom” hipermarketlər şəbəkəsinin icraçı direktoru Şamil Muradov isə çıxışında “Azərbaycan sovqatları” stendinin açılmasının təmsil etdiyi “Crocus Group” üçün böyük əhəmiyyət daşıdığını söyləyib: “Bizim hipermarketlər şəbəkəsində Azərbaycan məhsullarının satılması olduqca önəmlidir”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Rusiyanın bir neçə şəhərində, o cümlədən paytaxt Moskvada yerləşən “Depo” qastromarketi ərazisində “Azərbaycan sovqatları” mağazaları açılıb.