Amerika Türkü nəşri Azərbaycan səfirinə ödül verdi

09:51 | 18 Noyabr, 2019

15 noyabr tarixində Vaşinqton şəhərində yerləşən ABŞ Ticarət Palatasının tarixi binasında ABŞ-ın ölkənin aparıcı türk nəşri olan Amerika Türkü (TURKOFAMERICA) jurnalının qala gecəsi keçirilmişdir.

2014-cü ildən bəri davam edən bu mərasimdə Amerika Türkü jurnalı (TOA) müxtəlif kateqoriya üzrə mükafatlar təqdim etmişdir.

Bu il mükafat qazanan 12 şəxsin arasında ABŞ-ın sabiq Daxili və təbii sərvətlər naziri Ryan Zinke, türk icmasının aparıcı şəxsləri, iş adamları, jurnalistlər, o cümlədən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri layiq görülmüşdür. Qala tədbirinin təşkilatçıları tərəfindən Azərbaycan səfirinə Diplomatiyada nailiyyət kateqoriyası üzrə fəxri ödül təqdim etmişdir. Tədbirdə çıxış edən diplomat TOA təşkilatçılarına dərin minnətdarlığını bildirmiş, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycanın daim Türkiyənin yanında olduğunu vurğulamışdır. Türkiyə-Azərbaycan qardaşlığının davamlılığı və sarsılmazlığı və bu qardaşlığın gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini və prioritet məsələ olduğunu vurğulamışdır. Eyni zamanda bu yaxınlarda Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Türkiyənin müxtəlif məşhur simaları sosial şəbəkələr vasitəsilə səmimi təbriklərin Azərbaycan ictimaiyyətində böyük məmnuniyyətlə qarşılandığını qeyd etmişdir.

Hər il keçirilən bu mükafatlandırma mərasimi ötən il Nyu York şəhərində Harvard Klubunda keçirilmişdir. Mərasimdə Türkiyə ilə dost olan otuz amerikalı mükafatlandırılmışdır.