İsrail parlamenti “erməni soyqırımını” tanıya bilərmi?

02:38 | 17 Noyabr, 2019

Erməni lobbisi Amerika Konqresinin Nümayəndələr Palatasının “erməni soyqırımı” qətnaməsinin qəbulunu qələbə kimi qiymətləndirir. Halbuki Nümayəndələr Palatası həmin qətnaməni erməniləri sevdiklərinə görə deyil, Türkiyəni cəzalandırmaq üçün qəbul etdilər. Çünki Vaşinqtonda Türkiyənin Suriyadakı fəallığından narazıdırlar.

Erməni lobbisi əldə etdiyi qələbədən sonra başqa ölkələrdə də “erməni soyqırımı” qətnaməsinin qəbuluna çalışır. Bir sıra Avropa və Cənubi Amerika ölkəsində “erməni soyqırımı” qətnaməsi qəbul edilib. Erməni lobbisinin növbəti hədəfi İsraildir.

İsraildə erməni lobbisi Amerikada və ya Fransada olduğu kimi güclü deyil. Buna baxmayaraq, İsraildəki ermənilər illərdir İsrail parlamentinin də “erməni soyqırımı” qətnaməsinin qəbuluna çalışırlar. Ermənilər həm də İsraillə Türkiyə arasında gərgin münasibətlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. İsraildə bir qrup deputat ermənilərin səylərini dəstəkləməyə hazırdır.

Buna baxmayaraq, İsrail parlamentindəki çoxluq “erməni soyqırımı” qətnaməsinin qəbulunu lazım bilmir.

Birincisi, İsrailin Türkiyənin indiki hakimiyyəti ilə münasibətləri gərgin olsa da, İsraildə bu gərginliyin əbədi olmayacağını düşünürlər. İki ölkənin hakimiyyətləri arasında münasibətlərdə gərginlik olsa da, iqtisadi münasibətlərdə problem yoxdur, tam əksinə, ildən-ilə iqtisadi və ticarət əlaqələri artır. Türkiyəyə gedən israilli turistlərin sayı da az deyil.
İkincisi, İsraildə Azərbaycan amilini də nəzərə alırlar. İsrail parlamentində “erməni soyqırımı” qətnaməsinin qəbulu Türkiyədə olduğu kimi Azərbaycanda da neqativ qarşılanacaq. Bunu İsrailin siyasi dairələrində anlayırlar. İsrail isə Azərbaycanla münasibətləri indiki yaxşı səviyyədə saxlamaq istəyir. Bu səbəbdən də İsraildə “erməni soyqırımı” qətnaməsinin qəbuluna müsbət yanaşma yoxdur. Digər tərəfdən İsraildə Azərbaycandan köçən yəhudilər yaşayır. Onların sayı İsraildə yaşayan ermənilərin sayından az deyil. Həmin yəhudilər Azərbaycana bağlıdırlar, Azərbaycanla əlaqələri dəstəkləyirlər, müxtəlif təşkilatları var. Bu baxımdan İsrail parlamentində “erməni soyqırımı” qətnaməsinin qəbulu onların da maraqlarına toxunacaq

Üçüncüsü, İsrail dünyadakı erməni lobbisinin fəaliyyətinə zaman-zaman tənqidi yanaşır. israilli ekspertlər haqlı olaraq bu fikri səsləndirirlər: “Dünyada ən böyük soyqırımı İkinci Dünya Müharibəsi zamanı yəhudilərə qarşı edilib. 6 milyon yəhudi qətlə yetirlib. Buna baxmayaraq, biz heç bir dövlətdən tələb etmirik ki, yəhudi soyqırımını tanısın. Biz başqa dövlətlərin parlamentlərindən yəhudi soyqırımının tanınmasını tələb etmiriksə, ermənilər niyə bizdən “erməni soyqırımının” tanınmasını tələb edirlər?”

Haqlı iraddır. Yəhudi soyqırımı dünyanın əksər ölkəsi tərəfindən fakt kimi qəbul edilir. Buna aid sənədlər və canlı şahidlər var.

Buna baxmayaraq, İsraildəki erməni lobbisi və ona dəstək verən bir neçə yerli deputat növbəti dəfə məsələni İsrail parlamentinin müzakirəsinə çıxarmaq səylərindən əl çəkmirlər. “Soyqırım” məsələsini əvvəlcə İsrail parlamentinin komissiyasında müzakirəyə sonra isə parlamentin gündəliyinə salmağa və səsverməyə çıxarmağa çalışırlar. Dünyadakı erməni diasporaları bütün enerjilərini İsraildə “müsbət nəticəyə” kökləyiblər, sanki Knessetin (İsrail parlamenti) həmin “qətnaməsi” olmadan rahat nəfəs ala bilməyəcəklər.

Dünyadakı ən güclü lobbilər arasında üçü yer alıb – yəhudi, yunan və erməni lobbisi. Sonuncu ikisi Türkiyəyə qarşı birləşiblər.Yunanıstan prezidenti bugünlərdə İrəvanda olanda Nümayəndələr Palatasının “erməni soyqırımı” qətnaməsini bəyəndiyini bildirdi. Yunanıstan prezidenti sözlərinə onu da əlavə etdi ki, yunan və erməni lobbisi birgə fəaliyyətlərini davam etdirməlidirlər.

Erməni və yunan lobbisi yəhudi lobbisinin də onlarla ittifaq yaratmasını istəyir. Amerikada Nümayəndələr Palatasındakı səsvermə zamanı ittifaq alındı. Erməni lobbisi digər ölkələrdə də yəhudi lobbisi ilə ittifaq yaratmağa çalışacaq. Təsadüfi deyil ki, Ermənistan Azərbaycanı qabaqlayaraq İsraildə səfirlik açmağa hazırlaşır. Ona görə də biz də boş dayanmamalı, İsraillə əlaqələrdən istifadə etməyə çalışmalıyıq. Türkiyə-İsrail siayasi münasibətləri soyuqdur. Ona görə də iki ölkə arasında siyasi dialoq aşağı səviyyədədir. Azərbaycan-İsrail münasibətləri isə fərqlidir. Ona görə də Azərbaycanın səsini İsrailin siyasi kuluarlarında eşidə bilərlər.

Elxan Şahinoğlu, xüsusi olaraq Mediapost.az üçün