Gürcüstanın azərbaycanlı deputatları proporsional seçki sistemi ilə bağlı fərqli mövqe nümayiş etdiriblər

14:20 | 15 Noyabr, 2019

Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya dəyişikliklər üzrə səsvermənin nəticələri açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, plenar iclasda 141 deputat iştirak edib.

Qanun layihəsini 101 deputat dəstəkləyib, 3-ü isə əleyhinə səs verib.

Qanunverici orqanda təmsil olunan azərbaycanlı deputatların sənədlə bağlı mövqeləri fərqli olub. İclasda iştirak edən hakim Gürcü Arzusu Partiyasından olan deputatlar – Mahir Dərziyev və Ruslan Hacıyev qanun layihəsinin lehinə səs verib, Savalan Mirzəyev isə səsvermədə iştirakdan imtina edib.

Parlamentin digər azərbaycanlı üzvü, müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azər Süleymanov da dəyişikliklər layihəsini dəstəkləyib.

Qeyd edək ki, R.Hacıyevin qanun layihəsinin əleyhinə səs verəcəyi gözlənilirdi. Belə ki, deputat ötən gün proporsional seçki sisteminə keçidi dəstəkləmədiyini bildirib.