Brüsseldə “Azərbaycan diasporu və Media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda konfrans

01:00 | 13 Noyabr, 2019
Xəbər verdiyimiz kimi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb. Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Global” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq də iştirak ediblər.
Layihə çərçivəsində noyabrın 5-də Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə Brüsseldə Gresham Belson Hoteldə “Azərbaycan diasporu və Media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AAK-ın prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Avropada Azərbaycan diasporunun durumu, görülən işlərlə bağlı geniş məlumat verib: “AAK-ın bu gün təsis edilməsindən 15 il keçir. Bu bir tarixdir və bu illər ərzində öz ətrafında 100-dən çox təşkilatı birləşdirib. Bu müddət ərzində Avropa məkanında ciddi layihələr həyata keçirmişik, Avropanın nüfuzlu şəxsləri, Parlamentarilər ilə intensiv, fərdi görüşlər keçirmişik. Yerli media orqanları ilə əməkdaşlığa çalışmışıq. Bu 15 illik bir tarixdir və biz gələcək stratejimizi müəyyənləşdirəndə məhz bu tarixi nəzərə almalıyıq. AAK-ın yaranması və güclınməsi dövlətimizin marağında olub, onun inkişaf etdirilməsinə çalışıb.Ümid edirəm ki, bu xətt bundan sonra da davam edəcək”.
Konfransda çıxış edən ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov bildirib ki, konfrans da bu gün çox aktual mövzular olan “Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi – mövcud təcrübə və perspektivlər. Azərbaycan və Avropanın KİV-ləri arasında əməkdaşlığın qurulmasında diaspor təşkilatlarının rolu”mövzusu və “Sosial şəbəkələr və Azərbaycan reallıqları” müzakirə olunacaqdır. Bu müzakirədə sosial şəbəkələrin Azərbaycan reallıqlarının təbliğinin effektiv vasitələrindən biri kimi və ümumiyyətlə virtual məkanın imkanlarından istifadə edilməsi kimi önəm kəsb edən məsələlərdir: “Bilirsiniz ki, təbliğat sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, sosial şəbəkələrin imkanları azərbaycanlı gəncləri maraqlandıran və cəlbedən əsas amillərdən biridir. Lakin dünyada qlobal səviyyədə informasiya müharibəsinin aparıldığı da yaddan çıxmamalıyıq. Doğrudur, Azərbaycanda hökumət səviyyəsində informasiya sahəsində mühüm işlər görülür. Lakin virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkanda fəaliyyəti əlaqələndirmək lazımdır. Bu istiqamətdə ötən dövrdə diaspor təşkilatlarımız tərəfindən müəyyən işlər görülüb. Lakin hələ qarşıda görüləcək işlər də çoxdur. Biz diasporumuzun böyük potensialını səfərbər etməliyik. Bir sözlə, müasir dövrdə informasiya müharibəsində təkcə Azərbaycanın resursları yetərli deyil, dünya azərbaycanlıları da bu işə öz töhfəsini verməlidirlər”.
İlham İsmayılov qeyd edib ki, informasiya məkanında xarici KİV-lərdə çıxış etməyin əhəmiyyəti çox böyükdür:” biz bu istiqamətdə işlərimizi daha sağlam qurmaqla yanaşı, həm də bütün türkdilli xalqların diaspor təşkilatları ilə də əməkdaşlığımızı artırmalı və onların gücündən də istifadə etməliyik”.
Konfransda Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Əflatun Amaşov “Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi-mövcud təcrübə və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Əflatun Amaşov bildirib ki, bu gün bütün dünyada İnformasiya artıq qlobal mahiyyət daşıyır, ölkələri, cəmiyyətləri yönəldən güc faktoru rolunda çıxış edir: “Belə bir şəraitdə qarşımızda tam yeni vəzifələr dayanır. Başlıca vəzifə diasporumuzla mediamızın həmahəng strukturunun yaradılmasıdır. Diaspor təşkilatları ölkəmizlə bağlı təbliğat məsələlərində media üçün bir növ, mayak rolunu oynamalıdırlar. Diaspor medianı konkret hədəflər üçün yönləndirməlidir. Konkret iş apararaq müəyyənləşdirməlidir ki, təbliğatla bağlı hansı məsələlərin qabardılması xeyrimizədir. Hətta zərərli məqamlar barədə də ətraflı bilgi toplamalıdır. İşlər sistematik qurulmalıdır, bir-birini tamamlamalıdır. Kifayət qədər həssas yanaşılmalıdır. Bu həssaslıq yükünü həm diaspor, həm də media birlikdə daşımalıdır”.
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan mediası diasporumuzun işinə dəstək verməyə tam hazırdır: “Bilirsiniz ki, mediamız müstəqillik illərində kifayət qədər uğurlar əldə edib. Bu uğurlar heç şübhəsiz ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Cənab Prezident hər zaman media qarşısında böyük vəzifələr müəyyənləşdirir. Bunların içərisində xarici dil biliklərinə sahib olmaq əsasdır. Yəni bizim mediamızın peşəkarlıq göstəricisi həm də xarici dil biliyindən asılıdır. Bu isə təbii ki, Azərbaycan həqiqətlərinin xaricdə təbliği üçündür”.
Ə. Amaşov öx çıxışında Azərbaycan mediasının durumuna da toxunub: “Ümumən Azərbaycanda media dediyim kimi, inkişafdadır. Bu gün ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.Bütün bunlar təbii ki, mediamızın nəinki ölkədaxili proseslərdə fəal informasiya iştirakının təminatı, cəmiyyətdə şəffaflığın artırılması baxımdan vacibdir, eyni zamanda mediamızın dünya mediasına inteqrasiyası üçün önəmlidir. Heç şübhəsiz, mövcud istiqamətdə uğurlarımız olacaq və hesab edirəm ki, bu uğurların əldə edilməsində Azərbaycan diasporu ilə qarşılıqlı əməkdaşlıq mühüm rol oynayacaqdır”.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş sektorunun müdiri,siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev “Sosial şəbəkələr və Azərbaycan reallıqları (həqiqətlərin təbliğinin effektiv vasitələrindən biri kimi) mövzusunda məruzə ilə çıxış edib. Q.Əliyev öz məruzəsində qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasəti, uğurlu enerji layihələri nəticəsində bir tərəfdən onun beynəlxalq nüfuzu artırsa da, digər tərəfdən də ölkəmizi sevməyən qüvvələri narahat edir, onlar tərəfindən ölkəmizə olan təzyiqlər də artır: ” Dünya erməni diasporu və lobbisinin əli çatan bir çox təşkilatlar, o cümlədən Corc Soros Fondunun və onun təsiri altında olan Açıq Cəmiyyət İnstitutunun, “Amnesty İnternational” “Human Right Wathch”, “Free Press” “Mercu Corps”, ”Beynəlxalq Böhran Qrupu” və s. kimi təşkilatların nümayəndələrini müxtəlif vasitələrlə ələ alaraq, onların hesabatlarında Azərbaycan əleyhinə qərəzli və mənfi yüklü informasiyalar yer almasına çalışırlar. Beləliklə, biz dünyanın hər bir yerində Azərbaycan əleyhinə kifayət qədər güclü olan bir lobbi təşkilatlarının mövcud olduğunu görürük.
Qafar Əliyev bildirib ki, Azərbaycana qarşı sistem halında fəaliyyət göstərən erməni lobbi və diaspor qurumlarının fəaliyyətinə Avropa İttifaqı, Avropa Parlamenti, Avropanın Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, İtaliya, İsveç, Norveç və s. kimi dovlətlərinin dövlət və bələdiyyə qurumlarında da rast gəlinir.” Təəssüf ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş bəzi azərbaycanlı soydaşlarımız da həmin ölkələrdə kök salan antiazərbaycan qüvvələrin və erməni diasporunun və lobbisinin təsiri altına düşərək, Azərbaycan iqtidarının yeritdiyi siyasət ətrafında daim qara pərdə çəkərək daim mənfi informasiyalar, yalan, şər və böhtan uyduraraq dünya ictimaiyyətini çaş-baş salırlar”.
Konfransda çıxış edən Azərbaycanın Avropa İttifaqı bə Belşika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan Avropa məkanında diaspor və media qurumları ilə ıməkdaşlıqda hər zaman maraqlı olub: “Biz də birgə əməkdaşlıq etməkdə maraqlıyıq. Birlik bizi vahid mövqeyə çatdırmalıdır. Bu gün Avropada bizim bir dövlət olaraq qiymətimiz hər keçən gün daha da artır, ölkəmiz önəmli bir tərəfdaş ölkə kimi qəbul olunur. Təbii ki, siz diaspor təşkilatlarının da rolu böyükdür. yerli ictimai və media qurumları ilə əməkdaşlıq daha da güclənməlidir. Xüsusilə burada regionlarda işlər görülməlidir.Bizim ortaq fəaliyyətimiz nəticəsində Belçikanın regionlarında Qarabağ atına, Azərbaycan şairəsi Natavana heykəl qoyulub.Belə nümunələri artırmalıyıq”.
Daha sonra çıxış edən jurnalist Elnaz Agahkan, Real TV-nin Avropa bürosunun əməkdaşı Xatirə Abdullazadə, AAK-ın vitse-prezidenti Rövşən Tağıyev, Ustad jurnalının baş redaktoru Şəmil Sadiq, Birlik jurnalının baş redaktoru İlqar İlkin, Nadir Holdenberg diaspor təşkilatları ilə media qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz təkliflərini səslındirdilər. Konfransın sonunda plaket təqdim olundu və konfrans iştirakçıları adından müraciət qəbul olundu.
Avropa Azərbaycanlıları Konqresi və Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə “Azərbaycan diasporu və Media: əməkdaşlığın səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilmiş konfrans iştirakçılarının
MÜRACİƏTİ
Biz – 2019-cu ilin noyabr ayının 5-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Azərbaycan diasporu və Media: əməkdaşlığın səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilmiş konfrans iştirakçıları qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalar arası və mədəniyyətlər arası dialoqların tarixi zərurətə çevrildiyi dövrdə, eləcə də Cənubi Qafqaz regionunda mürəkkəb proseslərin davam etdiyi şəraitdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarından daha səmərəli istifadə olunması üçün vahid strategiyanın müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının milli maraqlarının qorunması ilə bağlı qarşıda duran vəzifələri geniş müzakirə etdik.
Bu gün Azərbaycan Respublikasında informasiya azadlığının təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı və beynəlxalq rəqabətə davamlılığının yüksəldilməsi, medianın maddi-texniki bazasının gücləndirilməsi sahəsində bütün zəruri şərtlər təmin olunmuşdur. Məhz bu siyasətin nəticəsidir ki, ölkədə beynəlxalq standartlarına uyğun olan azad, plüralist mətbuat formalaşmış, peşəkar jurnalistlər ordusu yetişmişdir. Bu gün Azərbaycan internet istifadəçilərinin sayına görə regionda aparıcı yer tutur. Vətəndaşlar ictimai-siyasi, sosial-mədəni və iqtisadi həyatın bütün sahələrinə dair öz fikirlərini sosial şəbəkədə və ictimai platformalarda sərbəst ifadə etmək hüququna malikdirlər.
Müasir informasiya texnologiyaları məlumatın sürətli əldə olunması və yayılması üçün geniş imkanlar yaratmışdır. Bu gün sosial media platformaları ənənəvi informasiya və müzakirə kanallarını və mətbuatı əvəz etməkdədir. İstənilən məlumat, rəy və mülahizə qısa müddət ərzində internet istifadəçiləri arasında maneəsiz yayılır.
Elmi-texniki və texnoloji inkişafın yalnız əlverişli informasiya mübadiləsinə imkanlar yaratmaqla yanaşı, eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinidə aktuallaşdırmışdır. Konfransda qeyd olunmuşdur ki, bu gün dünyada, regionda baş verən proseslər, Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni-hüquqi inkişafı barədə qərəzli informasiya kampaniyaların aparılmasında, bu aksiyaların təhqir və milli dövlətçilik əleyhinə çağırışların yayılmasında, zorakılığın təbliğində həmin elmi-texniki və texnoloji vasitələrdən də istifadə olunur. Konfrans iştirakçıları bu məsələlərlə bağlı açıq və səmərəli müzakirələr aparmış, Azərbaycan diasporunun və Azərbaycan mediyasının bu sahədə birgə fəaliyyətinin perspektivləri və əməkdaşlığın yeni mərhələsində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsində və onların icrasıda yekdil qərara gəlmişlər.
Aparılmış səmərəli müzakirələrin nəticəsində Azərbaycan diasporu və Azərbaycan mediyası arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsinə, birgə fəaliyyətin təkmilləşdirilməsinə və daha da gücləndirilməsinə əminliyimizi bildirərək aşağıdakıları bəyan edirik:
– Virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini təminolunması və qorunması, onların informasiya mübadiləsi və yayılması sahəsində fəaliyyətilərinin əlaqələndirməsi, Azərbaycan həqiqqətlərin dünya ictimayyətinə operativ, əhatəli çatdırılmasında informasiya texnologiyalarından səmərəli istifadə olunması məqsədilə müəyyən işlər görülməli və həyata keçirilməlidir;
– konfrans iştirakçıları Azərbaycan Respublikasında həyata keçirilən sosial-siyasi, iqtisadi, mədəni-hüquqi islahatları yekdilliklə dəstəkləyir, müasir informasiya texnologiyaların və metodlarının tətbiqi yolu ilə Azərbaycanın üzləşdiyi problemlər, qərəzli münasibət, xalqımıza qarşı törədilmiş terror və soyqırım aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda Ermənistanın yalan və böhtan kampaniyalarının ifşası məqsədilə təsirli tədbirlərin həyata keçirilməsini vacib sayır;
– konfrans Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Avropanın media qurumları ilə Azərbaycan KİV-ləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, Avropada məskunlaşmış azərbaycanlı jurnalistlərin yerli kütləvi informasiya vasitələrində təmsil olunmasının əhəmiyyətini vurğulayır, bu məqsədilə Türkiyənin Qərb dövlətlərindəki media vasitələrinin imkan və təcrübəsindən yararlanmağı tövsiyə edir;
– konfrans Azərbaycan Respublikasının milli maraqlarının virtual məkanda qorunmasında, Azərbaycan həqiqətlərinin təbliğinə yönəldilən layihələrin həyata keçirilməsində, diaspor təşkilatları və Azərbaycan KİV-ləri arasında operativ məsləhətələşmələrin aparılmasında virtual konfransların təşkilinin əhəmiyyətini vurğulamaqla Avropa Azərbaycanlıları Konqresinin nəzdində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin yaradılmasını və Azərbaycan Diasporuna Dəstək Fondunun bu təşəbbüsə yardımının vacibliyini bildirir;
– tədbir iştirakçıları Azərbaycanlıların sıx yaşadığı ölkələrdə onların yerli ictimai-siyasi proseslərdə iştirakını və təsir imkanlarını artırmaq, seçkilərdə fəallıqlarını təmin etmək, seçkili orqanlara öz namizədliklərini irəli sürülmüş azərbaycanlıların və türklərin təşviqat və təbliğat kampaniyalarında fəal iştirak etmək, onlara zəruri təbliğat-informasiya dəstəyi vermək məqsədilə diaspor təşkilatları və Azərbaycan kütləvi informasiya vasitələrinin vahid fəaliyyət planının hazırlanması və icrasının zəruriliyini vurğulayırlar;
– konfrans Azərbaycan və Türk diaspor təşkilatlarının birgəvəfəal əməkdaşlıq etdikləri Avropa ölkələrində yerli media nümayəndələrinin “Azərbaycanı yaxından tanıyaq!” devzi altında Azərbaycana tanışlıq səfərlərinin təşkilini təklif edir, bu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımını vacib hesab edir;
– Avropanın informasiya məkanında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin aparıcı hissəsinin biznes strukturu olmasını nəzərə alaraq, xüsusi Fondun təşkili olunması, eləcə də həmin KİV-lərlə bağlı Avropa Azərbaycanlıları Konqresinin nəzdində Əlaqələndirmə Mərkəzinin yaradılması, bu işə peşəkar jurnalistlərin cəlb edilməsi, Avropa oxucusunun düşüncə tərzinə cavab verən materialların hazırlanması məqsədilə Azərbaycan Mətbuat Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi zəruri hesab edilir;
– müəyyən səbəblər üzündən Azərbaycanı tərk etmiş, özlərini “mühacir müxalifət” adlandıran, zərərli xarici təsirlərin altına düşən səbatsız, zəif iradəli insanların Azərbaycan Respublikasının beynəlxalq nüfuzuna xələl gətirmək, Azərbaycan dövlətini, ali dövlət məmurlarını nüfuzdan salmaq, Avropa mətbuatında və ictimai rəyində, sosial şəbəkələrdə ölkəmiz haqqında birtərəfli, böhtan xarakterli informasiyalar yaymasına etirazını bildirir və bunun yolverilməz olduğunu xüsusi vurğulayır;
– gəncləri sosial şəbəkədə Azərbaycan xalqına xas olan mənəvi-etik normalara riayət etməyə, fərqli fikir və mövqelərə hörmətlə yanaşmağa, sosial şəbəkələrdə sağlam polemika ənənələrini formalaşdırmağa, milli-mənəvi dəyərlərimizə zidd əməllərə yol verməməyə çağırır;
– sosial şəbəkələrin imkanlarından istifadə etməklə Avropada yaşayan və təhsil alan savadlı, yüksək intellektli azərbaycanlı gənclərinin vətənpərvərlik ruhunu artırmaq, onların Azərbaycanla əlaqələrini gücləndirmək, fəaliyyətlərini düzgün istiqamətə yönəltmək məqsədilə xüsusi proqram-layihələrin həyata keçirilməsini əhəmiyyətli sayırıq.
 
Konfrans iştirakçıları Avropa azərbaycanlılarını Vətənin milli maraqlarının müdafiəsi naminə birləşməyə, muasir informasiya texnologiyalarından istifadə edərək Azərbaycan reallıqlarını dünya ictimayyətinə düzgün çatdırılmasına fəal qoşulmağa çağırır, Azərbaycan diaspor təşkilatlarının bu bəyanatdan irəli gələn bütünvəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirir.