Böyük Britaniya Parlamentində Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə danışılıb

04:42 | 12 Noyabr, 2019

Boyük Britaniyanın paytaxtı London şəhərində “BMT, böyük güclər və Sülh” adlı beynəlxalq dinləmələr keçirilib. Böyük Britaniya Parlamentində baş tutan tədbirdə britaniyalı deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və 30-a yaxın ölkənin ictimai-siyasi fəalları iştirak ediblər. Müzakirələr zamanı dünyadakı münaqişə ocaqları, sülhün əldə eidlməsi yolları və dünyadakı qaçqın və məcburi köçkünlərin hüquqları barədə danışılıb.

Dinləmələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov dünyadakı münaqişələr və onun həlli yolları barədə danışıb, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verib, BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin indiyə kimi yerinə yetirilmədiyini deyib: “Bugün dünyada baş verən hadisələrə cavabdeh qurum olan BMT-nin effektliyi müzakirə mövzusudur. 5 daimi üzvü olan BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmursa, bu qurumun yenidən təşkil olunması vacibdir. Mənim ölkəm Azərbaycan artıq 30 ildir ki, ərazi bütövlüyü və terrorizmdən əziyyət çəkir. Biz 30 ildir ki, məcburi köçkün həyatı yaşayırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, hələ də icra olunmayıb. Biz ilk növbədə effektiv BMT-ə malik olmalıyıq. Sürətli silahlanmaya deyil, sürətli sülhə nail olmalıyıq. Çünki, bizim gələcəyimiz bugün sülhə nail olmaqdan asılıdır.”